Torpağı qoyun yunu ilə örtməyə başladılar


Böyük Britaniyada fermerlər tarlaları qoyun yunu ilə örtməyə başlayıblar.
AZERFAX.AZ xəbər verir ki, İngiltərədə fermerlər ənənəvi plastik örtüklər və kimyəvi vasitələr əvəzinə əkin sahələrinə qoyun yunu sərirlər. İlk baxışda qeyri-adi görünən bu üsulun torpağın məhsuldarlığını artırdığı bildirilir. Məlumata görə, tekstil sənayesində sintetik parçalara üstünlük verilməsi nəticəsində istifadəsiz qalan milyonlarla kiloqram qoyun yunu fermerlər üçün yeni imkan yaradıb. Torpağın üzərinə sərilən yun isti və küləkli havalarda nəmin buxarlanmasını azaldaraq suya olan tələbatı yarıya qədər aşağı salır. Bununla yanaşı, yun lifləri zamanla parçalanaraq torpağa azot, kükürd və kalium ötürür. Bu xüsusiyyət bitkilərin qidalanmasına kömək edir və sintetik gübrələrə ehtiyacı azaldır.
Qoyun yununun lifli quruluşu ilbizlər və digər zərərvericilərin bitkilərə çatmasını çətinləşdirir. Bildirilir ki, qalın yun təbəqəsi günəş işığının qarşısını alaraq alaq otlarının böyüməsini də məhdudlaşdırır. İddialara görə, bu üsul məhsuldarlığı ikiqat artırır.



