Girdiman çayında su axını tənzimlənib, suvarma kanallarına suyun verilməsi bərpa olunub

Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Girdiman çayının Qızılburun istiqamətində su təminatının dayanıqlılığının qorunması və suvarma infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Regional Su Meliorasiya QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, Girdiman çayında sululuq səviyyəsinin artması nəticəsində çay materialından inşa edilmiş tənzimləyici bənd yuyularaq yararsız vəziyyətə düşüb. Yaranmış vəziyyətlə əlaqədar dərhal əraziyə xüsusi texnika cəlb olunub və çay materialından istifadə edilməklə bəndin bərpası təmin edilib.
Aparılan operativ bərpa işləri nəticəsində çayda su axını yenidən tənzimlənib, Girdiman çayından qidalanan suvarma arx və kanallarına suyun yönəldilməsi bərpa olunub.
Ağsu Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən əkin sahələrinin su təminatının etibarlılığının qorunması, mövcud suvarma infrastrukturunun işlək vəziyyətdə saxlanılması və yaranan texniki problemlərin operativ aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.



