İran ABŞ-ni dəniz blokadasını hərbi yolla yarmaqla hədələdi


ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında gərginlik artır. Tehran dəniz blokadasını yarmaq üçün hərbi addımlar ata biləcəyi barədə xəbərdarlıq edib.
AZERFAX.AZ Türkiyənin NTV nəşrinə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi sosial şəbəkə hesabında Vaşinqtona müraciət edib. O, heç bir blokadanın xalqın müdafiə əzmini qıra bilməyəcəyini və belə tədbirlərin uzun sürməyəcəyini yazıb. O, blokadanı yarmağı qəti vəzifə adlandırıb: “Düşmən havada və dənizdə addımımızı gözləsin”.
İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani isə noyabrın 27-də ABŞ-nin ələ keçirdiyi iki İran neft tankerinin əməliyyat nəticəsində geri alındığını iddia edib. O, ABŞ-nin Hörmüz boğazından gəmi keçirməyə çalışdığını, lakin boğazın bağlı olduğunu deyib.
Əməliyyatın harada və nə vaxt keçirildiyi açıqlanmayıb. İranın iddiasını müstəqil mənbələr təsdiqləməyib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 26-da Şükran günü münasibətilə Amerika hərbçiləri ilə söhbətində Vaşinqtonun Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini bildirib. O, bölgəyə əlavə aviadaşıyıcı gəmi göndərildiyini deyib.
Tramp Tehrana razılaşmaq üçün fürsət verdiklərini, amma İran rəhbərliyinin sazişi qəbul edəcəyinə şübhə etdiyini bildirib. O, noyabrın 22-də blokadanı keçməyə çalışan İran gəmilərinin batırılacağı ilə hədələmişdi.
İran rəsmiləri bundan əvvəl də sərt açıqlamalar verib. Parlamentin sədri Məhəmməd Baqir Qalibaf noyabrın 23-də blokadanı hərbi yolla yarmağın mümkün olduğunu və yaxın vaxtda bu istiqamətdə addım atılacağını demişdi. Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə blokadanı hərbi təcavüz və BMT Nizamnaməsinin pozulması adlandırmışdı.
Qarşılıqlı hədələrə baxmayaraq, tərəflər arasında diplomatik təmaslar kəsilməyib. İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 26-da dövlət televiziyasına açıqlamasında Qətər və Pakistanın vasitəçiliyi davam etdirdiyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında müxtəlif təkliflər ötürülür.
Əraqçi Tehranın Hörmüz boğazının açılması üçün şərtlərindən əl çəkmədiyini deyib. Bunlar dəniz blokadasının götürülməsi, neft ixracına məhdudiyyətlərin yumşaldılması, dondurulmuş aktivlərin qaytarılması və müharibənin bitməsidir.
Qeyd edək ki, müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayıb. Vaşinqton aprelin 13-də İran limanlarına qarşı dəniz blokadası tətbiq edib. Pakistanın vasitəçiliyi ilə iyunun 18-də imzalanan razılaşmadan sonra blokada götürülüb, lakin Hörmüz boğazında gəmiçiliklə bağlı fikir ayrılığına görə iyulun 14-də bərpa olunub.



