Hafiz Paşayev: 44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı

44 günlük müharibə hər şeyi həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı.
AZERFAX.az xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev Qarabağ Universitetində keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda danışıb.
O qeyd edib ki, Qarabağ Azərbaycan üçün hər zaman çox böyük və vacib məsələ olub:
“Bəzi məsələlərə toxunmaq istəyirəm. Onların içərisində birinci sırada Qarabağ məsələsi dayanır. Vaşinqtonda səfir olduğum dövrdə bu məsələ çox önəmli idi, həmişə önəmli olub. Bu, əlbəttə, çox şərəfli bir vəzifə idi, amma eyni zamanda, mənim üçün şəxsi baxımdan çətin qərar idi.
Vaşinqtondakı xarici ölkə səfirlərinin çoxu Konqresə belə getmirdi. Ancaq onların Konqreslə ciddi məsələləri olmasa da, Azərbaycanın var idi. Ən böyük məsələ təbii ki yenə də Ermənistanla Azərbaycan arasında olan Qarabağ münaqişəsi idi. Bu səbəbdən, vaxtımın çox hissəsini Konqresdə keçirirdim”.
H. Paşayev səfir olduğu dövrdə üzləşdiyi çətinliklərdən də bəhs edib:
“Vaşinqtonda olduğum müddətin sonunda başa düşdüm ki, görülən işlərin bəzən faydası olmur. Çünki Konqresin hansısa üzvünü məlumatlandırırsan, onu maarifləndirirsən, iki ildən sonra o vəzifədən gedir, təqaüdə çıxır, yerinə başqası gəlir və hər şeyə yenidən başlamaq lazım gəlirdi. Mən heç vaxt təsəvvür etməzdim ki, bu problemi xalqımız üçün böyük qürur mənbəyinə çevriləcək şəkildə həll edəcəyik”.
Rektor vurğulayıb ki, 44 günlük müharibə haqqında danışılan məsələni kökündən həll etdi və Azərbaycan xalqına yeni kimlik qazandırdı:
“İndi biz Qarabağ Universitetindəyik. Bizim dirçəlişimizə başlamaq üçün bu şəhərdən – Xankəndidən daha yaxşı bir yer ola bilərmi? Vaxt keçdikcə Xankəndidə nə baş verdiyini görmək üçün daha çox insan buraya gələcək”. (report.az)