Dünya miqyasında hərbi xərclər 2,7 trilyon dollara çatdı

Dünya miqyasında hərbi xərclər 2024-cü ildə 9,4 faiz artaraq 2,7 trilyon dollara çatıb.
AZERFAX.AZ xəbər verir ki, bu rəqəm 1980-ci illərdə “Soyuq müharibə” bitdikdən sonra qeydə alınan ən yüksək artım tempidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dərc etdiyi illik hesabata görə, Ukrayna və Qəzzada davam edən müharibələr, Avropa və Asiyada artan hərbi gərginlik qlobal silahlanma yarışını yenidən intensivləşdirib. 2024-cü ildə təxminən 1 trilyon dollarla dünyada ən yüksək hərbi xərclərə sahib ölkə yenə ABŞ olub. Bu xərclərə 61,1 milyard dollar dəyərində F-35 döyüş təyyarələri və sistemləri, 48,1 milyard dollar dəyərində yeni dəniz gəmiləri, 37,7 milyard dollar dəyərində nüvə arsenalının modernləşdirilməsi və 29,8 milyard dollar dəyərində raketdən müdafiə sistemləri daxildir. ABŞ büdcəsində Ukraynaya ayrılan 48,4 milyard dollarlıq hərbi yardım da diqqət çəkib. Bu yardım Kiyevin 64,8 milyard dollarlıq müdafiə büdcəsinin təxminən dörddə üçünə bərabərdir. Çin ABŞ-dən sonra ən çox hərbi xərc çəkən ikinci ölkədir.
Çinin 2024-cü ildə təxminən 314 milyard dollar xərcləyədiyi bildirilir. Rusiya isə Ukraynadakı müharibəyə görə hərbi xərclərini azı 38 faiz artırıb. Almaniya hərbi xərclərini 28 faiz, Rumıniya 43 faiz, Hollandiya 35 faiz, İsveç 34 faiz, Çexiya 32 faiz, Polşa 31 faiz, Danimarka 20 faiz, Norveç 17 faiz, Finlandiya 16 faiz, Türkiyə 12 faiz, Yunanıstan 11 faiz artırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.