Siyasət

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini yeni strateji müstəviyə yüksəltdi

Xanlar Fətiyev – Milli Məclisin deputatı

İyun ayının 15-i respublikamızda Milli Qurtuluş Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Ali Sovetinin Sədri seçildiyi bu tarix xalqımızın müstəqillik salnaməsinə əlamətdar gün kimi həkk olunub. Həmin vaxtdan ötən 32 illik zaman kəsiyi Azərbaycanda sarsılmaz müstəqilliyin və güclü dövlətçiliyin təmin olunduğu yüksəliş dövrüdür.

15 iyun başqa bir əlamətdar hadisə ilə də tarixlərə həkk olunub. Belə ki, 2021-ci ilin məhz bu günündə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları bu Bəyannamə iki qardaş dövlət arasındakı münasibətlərdə yeni səhifə açdı, siyasi-hərbi müttəfiqliyi yeni mərhələyə yüksəltdi. Ona görə iyun ayının 15-i həm də Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlandığı tarix kimi əlamətdardır.

Əvvəlcə onu qeyd etmək yerinə düşər ki, 2021-ci ilin iyun ayında Azərbaycana səfər edən Türkiyə Prezidentinin rəsmi şəkildə məhz Şuşada qarşılanması 44 günlük Vətən müharibəsinin yaratdığı yeni reallıqlar fonunda yaşanan ən mühüm siyasi hadisələrdən biri oldu. Bu səfər zamanı dövlət başçılarının görüşü və mətbuata bəyanatları Vətən savaşı günlərində özünün ən yüksək zirvəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını növbəti dəfə dünyaya bəyan etdi. Həmin gün dövlət başçılarının Heydər Əliyev Fondunun təşkil etdiyi “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyada iştirakı, “Xan qızı” bulağına getmələri, Natəvanın, Bülbülün və Üzeyir bəy Hacıbəylinin heykəllərini ziyarət etmələri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Türkiyənin birinci xanımı Əminə Ərdoğanın görüşü Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun təzahürünə çevrildi. Türkiyə Prezidentinin Şuşaya səfəri həm də  Ermənistana və onun havadarlarına verilən açıq mesaj oldu. Onlar bir daha gördülər ki, Türkiyə dövləti bundan sonra da Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstəyini əsirgəməyəcəkdir.

Bu səfərin ən mühüm hadisəsi, eləcə də Ermənistandakı revanşistlərə və dünya ermənilərinə verilən əsas mesajı isə Şuşa Bəyannaməsinin imzalanması oldu. İmzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev bildirdi ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Azərbaycan-Türkiyə əlaqələrini yeni strateji müstəviyə, müttəfiqlik səviyyəsinə yüksəldən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə iki dövlət arasındakı münasibətlərlə bağlı çoxsaylı məqamlar yer alıb. Onların bəzilərinə nəzər yetirək. Məsələn, Bəyannamədə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Bu kontekstdə ən vacib məsələlərdən biri də odur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Məhz bu razılaşma həm də Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Görünən odur ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Şuşa Bəyannaməsinə əsasən Azərbaycanla Türkiyə həm də silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərdə də birgə fəaliyyət həyata keçirəcəklər. Regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən təhdid və çağırışlara, terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə əməkdaşlığın genişləndirilməsi də sənəddə yer alan mühüm məsələlərdir.

Azərbaycanla Türkiyə dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək, bu sahələrin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcəklər. O cümlədən iki qardaş dövlət ticari-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artırmağı da qarşıya məqsəd qoyublar.

Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər də yer alıb. Belə ki, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər.

Sənəddə toxunulan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi Bəyannamədə öz əksini tapan məsələlərdəndir.

Ümumiyyətlə, Şuşa Bəyannaməsində əksini tapan razılaşmaların və qarşıya qoyulan vəzifələrin hər biri Azərbaycan və Türkiyə üçün olduqca vacibdir. Ona görə də bu sənəd həm Azərbaycanın, həm də Türkiyənin milli maraqlarını tam ehtiva edir.

Onu da qeyd edək ki, Şuşa Bəyannaməsinin imzalanması həm də Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edərək Azərbaycan və Türkiyə üçün rəmzi məna daşıdı. Ümumilikdə isə indiyədək Azərbaycanla Türkiyə arasında münasibətlərin strateji səviyyəsini təsbit edən müxtəlif sənədlər imzalanıb. Yeni mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin yol xəritəsi olan Şuşa Bəyannaməsi isə bütün bu sənədlərin zirvəsidir və iki qardaş dövlətin həm siyasi, həm iqtisadi, həm də hərbi müttəfiqliyini yeni məzmunda təqdim edir. Bəyannamənin müddəaları göstərir ki, hazırki beynəlxalq münasibətlər sistemində Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button