AZERFAX TV

Ağdərədə insana məxsus sümük qalıqları tapıldı

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkarlanıb.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, aşkar edilən sümük fraqmentlərinin 1992-ci ildə itkin düşmüş Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal olunur.

Sümük qalıqları ailənin yaşadığı evin həyətində, Qəribov Balayın nəvəsi Bəxtiyar Əsgərovun apardığı axtarışlar zamanı tapılıb.

Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən ailənin beş üzvü – 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı, 1928-ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları 1946-cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı və 1954-cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı, həmçinin nəvəsi, 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızının taleyindən heç bir xəbər alınmayıb.

Məlumata əsasən, ailənin yeganə sağ qalan üzvü Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının taleyinin aydınlaşdırılması istiqamətində araşdırmalar aparır. Buna baxmayaraq, ailə üzvlərinə indiyədək şəhidlik statusu verilməyib.

Tapılan sümük fraqmentləri aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya təqdim edilib. Qalıqların kimə məxsus olacağı aparılacaq məhkəmə-tibbi və DNT ekspertizalarının nəticələrindən sonra müəyyənləşəcək.

Related Articles

Bir cavab yazın

Back to top button