ABŞ və Ukrayna kritik minerallarla bağlı ilk sövdələşməni bağladı

ABŞ-Ukrayna Birgə İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməsini bağlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters”ə ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının investisiya bölməsinin rəhbəri Konor Koulman məlumat verib.
Fond Ukraynanın “BGV Group” şirkəti ilə birgə faydalı qazıntıların hasilatı layihələrinə təxminən 30 milyon dollar sərmayə yatıracaq. Layihələr nadir torpaq metalları, uran, berillium və sirkonium yataqlarını əhatə edir.
Bundan əlavə, fond daha dörd yeni layihə elan edib. Bununla onun ümumi investisiya portfeli təxminən 70 milyon dollara çatıb. Layihələrdən ikisi Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, fond ABŞ və Ukrayna arasında 2025-ci ilin aprelində imzalanmış faydalı qazıntılar haqqında saziş çərçivəsində yaradılıb. Onun fəaliyyət istiqamətlərinə faydalı qazıntılar, müdafiə, energetika və infrastruktur daxil olmaqla beş strateji sahə daxildir.



