Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama

Ağ Ev administrasiyası COVID-19 virusunun laboratoriya mənşəli olması versiyasını dəstəkləyən arqumentlərin yer aldığı materiallar dərc edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat yerləşdirilib.
Dərc edilmiş materiallarda törədicinin vəhşi təbiətdəki təbii ştammlarda rast gəlinmədiyi iddia edilən bioloji xüsusiyyətə malik olduğu bildirilir.
Müəlliflər iddia edirlər ki, virusun təbii mənşəli olmasına dair sübutlar yoxdur, belə sübutlar mövcud olsaydı, onlar çoxdan dərc edilərdi.
Ağ Ev baş verənlərə görə Çini günahlandırıb. Belə ki, yayımlanan materialda Uhanda koronavirusların tədqiqi üzrə Çinin aparıcı laboratoriyasının yerləşdiyi və burada biotəhlükəsizliyin qeyri-kafi səviyyəsində virusların funksiyalarının gücləndirilməsi üzrə eksperimentlərin aparıldığı vurğulanıb.
İddiaya görə, Uhan Virusologiya İnstitutunun əməkdaşları ilk rəsmi qeydə alınmış xəstəlik hallarının aşkar edilməsindən bir neçə ay əvvəl – 2019-cu ilin payızında xəstələniblər.



