AZERFAX TV

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Azərbaycanda qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi yenidən müzakirə mövzusuna çevrilib. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, hazırda milli valyutada 12%, xarici valyutada isə 2,5% olan faiz hədlərinin dəyişdirilməsinə ehtiyac yoxdur. Bununla belə, yeni metodologiya əsasında bazar mütəmadi təhlil edilir və faiz hədləri hər altı aydan bir yenidən qiymətləndirilir. Bu isə gələcəkdə əmanətlərin sığortalanması üçün müəyyən edilən faiz limitlərinin dəyişə biləcəyi ilə bağlı sualları aktuallaşdırır.

Əmanətlər üzrə faiz hədləri yaxın aylarda dəyişə bilərmi, yoxsa mövcud limitlərin uzun müddət qüvvədə qalacağı gözlənilir?

AZERFAX.AZ xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Asif İbrahimov danışıb. O deyib ki, hazırkı mərhələdə qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi üçün ciddi iqtisadi əsas görünmür:

“Belə ki, Əmanətlərin Sığortalanması Fondunun yeni metodologiya əsasında bazarı hər altı aydan bir qiymətləndirməsi normal və beynəlxalq praktikaya uyğun yanaşmadır. Lakin bu, avtomatik olaraq faiz hədlərinin hər altı aydan bir dəyişəcəyi anlamına gəlmir. Metodologiyanın məqsədi bazardakı dəyişiklikləri izləmək və yalnız zərurət yarandıqda limitləri yeniləməkdir. Hazırda bank sektorunda əmanət faizləri ümumilikdə sabitdir. Milli valyutada əmanətlər üzrə orta faiz dərəcələri mövcud sığorta həddinə yaxın olsa da, onu kəskin şəkildə üstələmir. Xarici valyutada isə faizlər onsuz da aşağı səviyyədə qalır. Bu baxımdan hazırkı 12 faiz (manat) və 2,5 faiz (xarici valyuta) hədlərinin bazar reallığını əks etdirdiyini söyləmək olar”.

İqtisadçının sözlərinə görə, faiz hədlərinin dəyişdirilməsi yalnız bir neçə halda gündəmə gələ bilər:

“Bunlara bazar faizlərinin davamlı şəkildə yüksəlməsi, pul-kredit siyasətində ciddi dəyişikliklər, inflyasiya mühitinin əhəmiyyətli dərəcədə dəyişməsi və ya banklar arasında əmanət cəlbi üzrə rəqabətin kəskin artması daxildir. Hazırkı makroiqtisadi şəraitdə isə belə kəskin dəyişikliklər müşahidə olunmur. Digər tərəfdən, qorunan əmanətlər üzrə faiz həddi çox yüksək müəyyən edilərsə, bu, bankların daha yüksək faiz vəd etməklə daha riskli resurs cəlb etməsini stimullaşdıra bilər. Əksinə, hədd bazar faizlərindən xeyli aşağı olarsa, vətəndaşların müəyyən hissəsi əmanətlərinin tam sığortalanmasından kənarda qala bilər. Buna görə də optimal balansın qorunması maliyyə sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

A.İbrahimov hesab edir ki, yaxın aylarda qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi ehtimalı yüksək deyil:

“ƏSF bazarı izləməyə davam edəcək, lakin yalnız bazar göstəricilərində davamlı və əhəmiyyətli dəyişikliklər baş verdiyi halda limitlərin yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər. Buna görə də mövcud faiz hədlərinin ən azı yaxın dövrdə qüvvədə qalacağı daha real ssenari kimi görünür”.

Related Articles

Bir cavab yazın

Back to top button