Bazarda payız qiymətləri: Nə ucuzlaşıb, nə bahalaşıb?

Payız gəlib, bazarların piştaxtaları mövsümi meyvə-tərəvəzlə dolub.
Bəs bazarda hazırda vəziyyət necədir? Qiymətlər alıcıların cibinə uyğundurmu, yoxsa mövsümi bolluq gözlənilən ucuzlaşmanı yaratmayıb?
AZERFAX.AZ xəbər verir ki, Musavat.com-un əməkdaşı paytaxtın “8-ci kilometr” bazarına yollanaraq satıcılarla və alıcılarla söhbətləşib, qiymətləri öyrənməyə çalışıb.
Bazarda ilk diqqət çəkən məqamlardan biri bəzi mövsümi meyvələrin qiymətinin aşağı düşməsidir. Satıcıların sözlərinə görə, son bir həftədə xüsusilə bəzi meyvələr ucuzlaşıb.
Xurmanın kiloqramı 1 manatdan, narın qiyməti 2 manatdan başlayır. Bəzi piştaxtalarda narı daha ucuz qiymətə də tapmaq mümkündür. Üzümün kiloqramı 1,50-2 manata təklif olunur.
Lakin meyvələrin hamısı eyni dərəcədə ucuz deyil. Keyfiyyətli şaftalının bir kiloqramı 5 manata satılır. Mandarin almaq istəyənlər isə məhsulun keyfiyyətindən asılı olaraq fərqli qiymətlərlə qarşılaşırlar. Bazarda mandarinin kiloqramını 1 manata tapmaq mümkün olsa da, daha keyfiyyətli məhsulların qiyməti 2 manatdan başlayır.
Satıcılar bəzi meyvələrin ucuzlaşmasını mövsümi bolluqla əlaqələndirirlər. Onların sözlərinə görə, məhsul bol olanda alış qiyməti də aşağı düşür və bu, satış qiymətlərinə təsir göstərir.
“Bolluq olanda qiymət də düşür. Biz də yerində ucuz qiymətə alıb, ucuz da satırıq”, – satıcılardan biri deyir.
Meyvə piştaxtalarında ucuzlaşma müşahidə olunsa da, qoz-fındıq almaq istəyənləri fərqli mənzərə gözləyir.
Ötən illə müqayisədə bu məhsulların qiymətində artım müşahidə olunur. Belə ki, ötən il qabıqlı fındığın kiloqramı 6 manatdan başlayan qiymətlərlə satılırdısa, hazırda qiymət 7 manatdan başlayır. Qabıqlı qozun kiloqramı isə ötən il 5-6 manat olduğu halda, indi 6-7 manata təklif edilir.
Tərəvəz piştaxtalarında da qiymətlər eyni deyil. Təxminən bir aydır ki, soğanın qiymətində bahalaşma müşahidə olunur. Əvvəllər kiloqramı 50-60 qəpiyə satılan soğan hazırda 90 qəpikdən başlayan qiymətlərlə təklif edilir.
Kartofun qiyməti isə hələlik sabitdir. Bir kiloqram kartof 90 qəpiyə satılır. Badımcan və yaşıl lobyanın kiloqramı 1,50-2 manat arasında dəyişir.
Pomidorun qiymətində də ciddi dəyişiklik yoxdur. Məhsulun kiloqramını 1,50 manatdan almaq mümkündür. Keyfiyyətli pomidorun qiyməti isə 3 manatdan başlayır.
Bununla belə, satıcılar alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, qiymətləri münasib saxlamağa çalışsalar da, alıcılıq qabiliyyəti əvvəlki kimi deyil.
“Mövsüm vaxtıdır, bolluqdur, qiymətlər də yaxşıdır. Amma alıcılıq qabiliyyəti o qədər də çox deyil. Əvvəlki kimi alıcı çoxluğu yoxdur”, – satıcılardan biri bildirir.
Alıcılarla da söhbətləşirik. Onların bir qismi meyvələrin qiymətindəki ucuzlaşmadan məmnun olduğunu deyir. Bununla belə, gözlədikləri qədər qiymət azalmasının olmadığını düşünənlər də var.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli bunları deyib:
“Meyvə-tərəvəz bazarında qiymətlərin dəyişməsi əsasən mövsümi amillərlə bağlıdır. Hazırda məhsul bolluğu bəzi meyvə və tərəvəzlərin qiymətinin aşağı düşməsinə şərait yaratsa da, ümumilikdə ərzaq bazarında qiymət dinamikası fərqli amillərdən asılıdır. Təcrübə göstərir ki, qış mövsümünə və Yeni il bayramına yaxın ərzaq məhsullarının qiymətlərində artım sürətlənir. Mövcud tendensiyaları nəzərə alsaq, böyük ehtimalla, dekabr ayında daha ciddi bahalaşma ilə qarşılaşacağıq. Bu, hər il müşahidə olunan mövsümi proseslərdən biridir.
Meyvə-tərəvəzə gəldikdə, hazırda bazarda müşahidə edilən bolluq uzunmüddətli deyil. Ölkədə soyuducu anbar infrastrukturunun kifayət qədər inkişaf etməməsi yerli məhsulların uzun müddət saxlanılmasını və bazara ilboyu davamlı şəkildə çıxarılmasını çətinləşdirir. Mövsüm başa çatdıqca yerli məhsulların təklifi azalır. Tələb isə əvvəlki səviyyədə qaldıqda, bazarda qiymət artımı üçün zəmin yaranır. Bu baxımdan, dekabr ayında ərzaq qiymətlərində növbəti bahalaşma dalğasının müşahidə olunması ehtimalı yüksəkdir”.



