Bununla Türkiyə iqtisadi inkişafda yeni bir sıçrayışa nail olacaq

Türkiyə hökuməti ölkəni istehsal, logistika, ticarət, tranzit və texnologiya üzrə regional mərkəzə çevirmək üçün qətiyyətli addımlar atır.
AZERFAX.AZ xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Türkiyə lideri Ankaranın bölgədəki böhranlara və eskalasiyalara baxmayaraq inkişaf etməkdə davam etdiyini diqqətə çatdırıb: “Xarici sarsıntıların mənfi nəticələrini minimuma endirmək üçün bütün lazımi addımlar atılır”.
Dövlət başçısı “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə nail olmağı prioritetlərdən biri adlandırıb. O, “Terrorsuz Türkiyə” təşəbbüsünün məqsədlərinə çatmağı hədəfləyən müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağını elan edib.
Onun sözlərinə görə, onilliklər ərzində davam edən terrorizmə qarşı mübarizənin nəticəsində ölkəyə 2,3 trilyon dollar ziyan dəyib.
“Əminəm ki, bu təhlükənin tamamilə aradan qaldırılması ilə Türkiyə iqtisadi inkişafda yeni bir sıçrayışa nail olacaq” – Ərdoğan vurğulayıb.



