CHP-də baş verənlərin pərdəarxası – Kılıçdaroğlunun dönüşü nələrə səbəb olacaq?

Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələrinin ləğv edilməsi, Özgür Özəlin postundan uzaqlaşdırılması və Kılıçdaroğlunun rəhbərliyə qayıtmasının hadisələrin iki istiqamətdə inkişafına yön verəcəyi görünür.
Birincisi, ana müxalifət partiyası daxilində parçalanmalar qaçılmaz olacaq.
Artıq Kılıçdaroğlunun qayıdışına etiraz edənlər var. Məhkəmənin qərarını tanımayan Özəl və komandası vəziyyəti dəyişmək üçün yeni qurultay keçirmək və nəzarəti bərpa etmək xəttini izləyəcək. Lakin 2023-cü ildən bəri geri qayıtmaq istiqamətində işləyən Kılıçdaroğlu və komandası müvəqqəti gəldikləri postu təhvil vermək niyyətində deyil. Bu vəziyyət CHP daxilində ciddi qarşıdurma və parçalanmalar vəd edir, istisna deyil ki, proses Özəl, Yavaş və İmamoğlunun yeni siyasi partiya yaratmasına doğru da inkişaf edə bilər.
İkincisi, CHP-də baş verənləri təkcə partiyadaxili mübarizə yox, post-Ərdoğan dövrünü müəyyənləşdirəcək və varis kimi ortaya çıxacaq yeni liderin yolunu açacaq hadisə kimi qiymətləndirmək olar.
Kılıçdaroğlunun dönüşü, CHP-də mümkün parçalanmalar təbii ki, hakim partiyaya sərfəlidir. Lakin məsələ təkcə partiyalar arası siyasi mübarizədənmi ibarətdir? Türkiyənin regional və geosiyasi ambisiyaları fonunda mövcud xarici siyasət kursunun saxlanılması daxili siyasətdə müəyyən həmlələrin edilməsi zərurətini yaradır. Bu zərurətdən şəxsi və siyasi maraqlar üçün də istifadə edildiyi məlumdur, misal üçün, İmamoğlunun böyüməsinə qarşı atılan addımlar təkcə hakim partiyaya yox, Kılıçdaroğluna da siyasi gələcəyini saxlamaq baxımından sərfəli idi, hətta burada Özəlin yolunun açılması amilləri də görünürdü. İndi Özəl və komandası eyni ssenari ilə üzləşir. Və bunun uzaq perspektivdə post-Ərdoğan dövrünə hazırlıq olduğu istisna edilməməlidir.
Asif Nərimanlı



