Dünyadakı bütün quşlarla bağlı SİRR AÇILDI

Bütün dünya quşları mahnıları üçün səkkiz əsas səs növündən ibarət eyni dəstdən istifadə edirlər. Fransa və ABŞ alimləri sərçəkimilər dəstəsinə daxil olan 3160 quş növünün oxumasının təxminən 117 min qeydini təhlil edərək belə qənaətə gəliblər.
AZERFAX.AZ xəbər verir ki, tədqiqat “Science” jurnalında dərc olunub.
Quş mahnılarının böyük müxtəlifliyinə baxmayaraq, tədqiqatçılar onlarda təkrarlanan elementlər aşkar ediblər. Onları şərti olaraq insan nitqinin hecaları ilə müqayisə etmək olar. Üç növ trillərə – yavaş, sürətli və ifrat sürətli olanlara aiddir. Digər üçü isə fitlərə – hamar, hündürlüyünü tədricən dəyişən və sürətlə modulasiya olunan fitlərə aiddir. Qalan iki növü alimlər xaotik səslər və bir neçə notun harmonik birləşmələri adlandırıblar.
“Quşların əksəriyyəti eyni anda bir neçə belə elementi birləşdirir. Orta hesabla bir növ 4,6 növ səsdən istifadə edir, mahnıların təxminən 65 faizi isə ən azı iki elementdən ibarətdir. Bununla yanaşı, bir çox quşun sevimli “hecası” var: bir səs növü onların mahnılarının 80 faizindən çoxunda rast gəlinə bilər”, – deyə alimlər izah ediblər.
Tədqiqatçılar həmçinin aşkar ediblər ki, səslərin seçimi yaşayış mühitindən asılıdır. Sıx tropik meşələrdə sadə fitlərə və yavaş trillərə daha çox rast gəlinir – səs ağaclardan və rütubətli havadan keçərkən məsafədə daha yaxşı qorunub saxlanılır. Əksinə, Avropada və mülayim iqlimin digər regionlarında daha sürətli və mürəkkəb səslər yayılıb.
Quş mahnılarına təkcə ətraf mühit şəraiti deyil, həm də həyat tərzi təsir göstərir. Daha iri quşlar adətən sadə səslərdən istifadə edirlər, kiçik quşlar isə sürətli və mürəkkəb fitlər çıxarmağa qadirdirlər. Sosial davranış da mühüm amil olub: qruplar halında yaşayan quşlar oxşar səs elementlərindən daha tez-tez istifadə edirlər.
Ümumilikdə alimlər 3160 növün qeydlərini təhlil edərək bütün məlum sərçəkimilər növlərinin yarıdan çoxunu əhatə ediblər. Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, quşların özlərinin bu səkkiz səs növünü kompüterin onları təsnif etdiyi kimi qəbul edib-etmədiyi hələ ki məlum deyil. Bunu yoxlamaq üçün təbiətdə səsyazmaların səsləndirilməsi ilə bağlı eksperimentlər tələb olunacaq.
Hüseyn İbadlı



