AZERFAX TV

Dünyanı taxıl ilə təmin edən ölkədə insanlar çörək tapmırlar

Ukrayna dünyanın ən böyük taxıl istehsalçılarından biri olmasına baxmayaraq, cəbhə bölgələrində yaşayan 700.000 sakin BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP)humanitar karvanları olmadan ərzaq əldə edə bilmir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Politico” ÜƏP-in müvəqqəti direktoru Karl Skauya istinadən məlumat yayıb. Onun sözlərinə görə, ukraynalı fermerlər bu il təxminən 60 milyon ton taxıl yığıblar ki, bu da dünyada yüz milyonlarla insanı doyurmaq üçün kifayət edir. Lakin cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar çörək və digər qida növləri əldə etməkdə çətinlik çəkirlər. Onların çox vaxt qida əldə etməyə və ya mağazalara təhlükəsiz çıxışı olmur.

Humanitar karvanlar Rusiyanın dron hücumlarının daimi təhlükəsi altında fəaliyyət göstərməyə məcburdurlar. Nəqliyyat vasitələri yolların və binaların dron əleyhinə torlarla örtüldüyü və ərzaq təhvilinin cəmi bir neçə dəqiqə çəkdiyi yaşayış məntəqələrindən keçir.

Skaun Xarkov vilayətindən Odessaya qədər cəbhə zonalarını gəzdikdən sonra deyib ki, Rusiya dronları hazırda cəbhə xəttindən 50 km-ə qədər məsafədəki hədəfləri də vurur. Halbuki bu yaxınlara qədər onların əhatə dairəsi cəmi 10-15 km idi. Zərbə zonasının genişlənməsi səbəbindən əhalinin kütləvi təxliyəsi davam edir.

İyun ayı indiyə qədər ən ölümcül ay olub

BMT-nin məlumatına görə, iyun ayı 2022-ci ilin aprel ayından bəri Ukrayna mülki əhalisi üçün ən ölümcül ay olub. Belə ki, ən azı 293 nəfər ölüb, daha 1990 nəfər yaralanıb. FPV dron hücumları və digər qısa mənzilli pilotsuz uçuş aparatları (PUA) nəticəsində itkilərin sayı xüsusilə kəskin şəkildə artır.

Skau Slavyansk yaxınlığındakı tranzit mərkəzinə baş çəkərkən xilasedicilərin bir gün əvvəl vurulmuş evin dağıntıları altından xilas etdiyi 90 yaşlı bir qadın və onun qızı ilə də görüşüb. O bildirib ki, bir çox sakin illərdir evlərini tərk etməkdən imtina edir. Lakin vəziyyət indi o qədər təhlükəli hala gəlib ki, hətta onlar da təxliyə olunmağa məcbur qalıblar.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button