Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının Ali Məşvərət Şurasının iclası keçirilib.
AZERFAX.AZ xəbər verir ki, Prezident Kompleksində təşkil olunan, mətbuata qapalı toplantıda şura üzvləri və Türkiyə parlamentinin keçmiş sədrləri iştirak ediblər.
İclasda Köksal Toptan, Binali Yıldırım, Cemil Çiçek, İsmail Kahraman, İsmet Yılmaz, Mehmet Ali Şahin və Mustafa Şentopla yanaşı, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin katibi Hasan Doğan və Administrasiyanın baş katibi Hakkı Susmaz da iştirak ediblər.
Toplantıda regionda və dünyada baş verən son hadisələrin, o cümlədən Qəzza və İordan çayının Qərb sahilindəki vəziyyətin müzakirə olunduğu bildirilib. Açıqlamada İsrailin Əl-Əqsa məscidinə yönələn təxribatları və Suriyanın inkişafına mane olmaq cəhdləri də qeyd edilib.
Həmçinin Məkkədə Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinin qardaş ölkələrlə həmrəyliyi gücləndirdiyi vurğulanıb.
Türkiyənin təxribatlara uymadan, sağlam düşüncə və soyuqqanlılıqla prosesləri idarə etdiyi də diqqətə çatdırılıb.



