Hitleri narahat edən Türkiyə görüşü: MİT 83 illik gizli sənədi yayımladı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İkinci Dünya müharibəsinin ən kritik dövrlərindən birinə aid tarixi kəşfiyyat sənədini ictimaiyyətə təqdim edib.
AZERFAX.AZ Musavat.com-a istinadən xəbər verir ki, sənəd 1943-cü ildə Türkiyə Prezidenti İsmət İnönü ilə Böyük Britaniyanın Baş naziri Uinston Çörçill arasında keçirilən Adana görüşündən sonra alman konsulunun mövqeyini ortaya qoyur.
Sənəd MİT-in rəsmi saytındakı “Xüsusi kolleksiya” bölməsində dərc olunub.
Söhbət Milli Təhlükəsizlik Xidmətinin İzmir Mərkəzi İdarəsi tərəfindən 8 fevral 1943-cü ildə hazırlanmış kəşfiyyat məlumatından gedir. Sənəddə İnönü ilə Çörçillin görüşü ilə bağlı alman konsulunun qiymətləndirmələri yer alıb.
Məlumata görə, Çörçillin Adanaya səfəri ilk gün alman konsulunda böyük təşviş yaradıb. Lakin konsul 4 fevral 1943-cü ildə aldığı şifrəli məlumatdan sonra vəziyyətə münasibətini dəyişib.
Sənəddə alman konsulunun sözləri belə təqdim olunur:
“İndi səfirlikdən şifrəli məlumat aldım. Bu şifrədə Türkiyə hökumətinin Almaniya ilə dostluqdan ayrılmayacağına dair fon Papenə qəti təminat verdiyi bildirilir. Bundan başqa, dostlarınız sizdən bu görüş haqqında biz almanların nə düşündüyünü soruşsalar, Almaniyanın bu görüşü böyük soyuqqanlılıqla qarşıladığını söyləyin.”
“Çörçillin səfəri və alman konsulu” mövzu başlığı daşıyan sənəddə mənbə kimi “İzmir Yuvası” göstərilib. Sənədin üzərində 12 fevral 1943-cü il tarixli qeydiyyat möhürü də var.
İsmət İnönü ilə Uinston Çörçill İkinci Dünya müharibəsi davam edərkən, 30–31 yanvar 1943-cü ildə Yenice stansiyasında görüşmüşdülər. Tarixə Adana görüşü kimi düşən həmin danışıqlar müharibənin gedişində Türkiyənin mövqeyi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Əlavə olaraq, tarixi sənədlər görüşün Almaniya rəhbərliyinin də diqqət mərkəzində olduğunu göstərir. ABŞ Dövlət Departamentinin arxiv sənədinə əsasən, Adana görüşündən sonra Türkiyənin xarici işlər naziri Almaniyanın Ankaradakı səfiri Frans fon Papenlə görüşərək Türkiyənin danışıqlar zamanı hər hansı öhdəlik götürmədiyini və əsas müzakirə mövzusunun Türkiyənin silahlandırılması olduğunu ona çatdırmalı idi.
İsmət İnönünün Yenice görüşü ilə bağlı şəxsi qeydlərində isə daha diqqətçəkən detal var. İnönünün yazdığına görə, görüş zamanı Çörçill Hitlerin onların görüşündən xəbər tutduqda nə düşünəcəyini və nə edəcəyini maraqla gözlədiyini söyləyib.
Almaniyanın diplomatik kanalları vasitəsilə Berlin də Adana görüşündən və Türkiyənin mövqeyindən məlumatlandırılıb. Almaniyanın Ankaradakı səfiri Frans fon Papen Türkiyə rəhbərliyi ilə təmasları davam etdirərək Berlini Ankaranın mövqeyi barədə məlumatlandırıb. ABŞ Dövlət Departamentinin 2 fevral 1943-cü il tarixli diplomatik sənədi də Türkiyə xarici işlər nazirinin fon Papenə görüş barədə məlumat verməsinin nəzərdə tutulduğunu təsdiqləyir.
Xatırladaq ki, Hitler hələ 1941-ci ildə İnönüyə məktub göndərmişdi. Həmin məktubda Almaniyanın Türkiyənin ərazi bütövlüyünə hörmət etdiyini bildirmiş və alman qoşunlarının Türkiyə sərhədlərindən uzaqda saxlanılacağına dair təminat vermişdi. İnönü də Hitlerə cavab məktubu göndərmişdi.



