AZERFAX TV

Makron iğtişaş törədənlərin əzalandırılacağını vəd etdi

Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı baş verən iğtişaşları sərt şəkildə qınayıb. O, talanlarda iştirak edən, eləcə də dövlət qurumlarına və ticarət obyektlərinə hücum edən şəxslərin qanun qarşısında cavab verəcəklərini bəyan edib.

AZERFAX.AZ xəbər verir ki, Fransa dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

“Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, həmçinin meriya binalarında oğurluq edən şəxslər məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, – deyə Makron vurğulayıb.

Prezidentin sözlərinə görə, radikal mövqeli aksiya iştirakçılarının zorakı hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etmələrinə mane olur. Makron hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onların vətəndaşların etiraz aksiyaları keçirmək hüququnun qorunmasında mühüm rol oynadıqlarını qeyd edib.

Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlarla əlaqədar ölkə üzrə azı 400 nəfərin saxlanıldığını açıqlayıb.

“Hazırda saxlanılanların sayı 400 nəfərdir. Bununla belə, bu rəqəm ilkin məlumatlara əsaslanır”, – deyə nazir bildirib.

Nünez qeyd edib ki, saxlanılanların böyük əksəriyyəti yetkinlik yaşına çatmış şəxslərdir. O əlavə edib ki, polis iğtişaşlarda iştirak etdikdən sonra hadisə yerindən qaçan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirləri davam etdirəcək.

Ən ciddi qarşıdurmalardan biri Lill şəhərində qeydə alınıb. “RTL” radiostansiyasının məlumatına görə, bir qrup etirazçı meriya binasının şüşə qapılarını sındıraraq içəri daxil olub. Onlardan bəziləri binanın daxilində dağıntılar törətdikdən sonra ərazidən uzaqlaşıblar. Bir neçə dəqiqə sonra hadisə yerinə polisin xüsusi təyinatlı qüvvələri gəlib. Lillin mərkəzində də polis əməkdaşları ilə bir neçə yüz nümayişçi arasında gərgin toqquşmalar baş verib.

Qeyd edək ki, yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində kütləvi aksiyalar keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button