AZERFAX TV

Qələbədən inkişaf mərhələsinə: Azərbaycanın yeni strateji prioritetləri

“6 il öncə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkənin inkişafına uzun illər ciddi maneə yaradan işğal faktı aradan qaldırıldı və bölgədə yeni reallıqlar formalaşdı”.

Bunu AZERFAX.AZ-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi. Onun sözlərinə görə, 2020-ci ilə qədər Azərbaycanın əsas prioriteti torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası idisə, bu hədəfə nail olunmasından sonra qarşıda duran vəzifələr də dəyişib:

“Hazırkı mərhələdə əsas istiqamətlər azad edilmiş ərazilərin bərpası və orada insanların məskunlaşdırılması, Azərbaycanın regional rolunun daha da gücləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, eləcə də Orta Dəhlizin imkanlarının genişləndirilməsi və dünya ticarətinin əsas marşrutlarından birinə çevrilməsidir.

Bununla yanaşı, təhlükəsizlik məsələsi də dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra da ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi imkanlarının artırılması və müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır.

Sərhədlərin etibarlı qorunması, müdafiə sənayesinin inkişafı və yaxın tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir”.

Politoloq qeyd etdi ki, bu istiqamətləri nəzərə aldıqda, Azərbaycanın qarşıdakı dövr üçün prioritetlərini bir neçə əsas strateji istiqamətdə ümumiləşdirmək mümkündür:

“Hazırkı mərhələdə Azərbaycanın qarşısında duran əsas vəzifələr təhlükəsizlik mühitinin daha da möhkəmləndirilməsi, dövlətin güc və imkanlarının artırılması, iqtisadi potensialın gücləndirilməsi, azad edilmiş ərazilərdə məskunlaşma prosesinin sürətləndirilməsi və həmin ərazilərin dayanıqlı inkişaf edən regiona çevrilməsidir. Bu istiqamətlər qarşıdakı 10 il üçün ölkənin əsas strateji hədəfləri sırasında yer alır.

Bu məqsədlərə nail olmaq üçün isə yeni dövrün çağırışlarına uyğun yanaşmaların formalaşdırılması zəruridir. Hazırda dünya yüksək texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan, azad edilmiş ərazilərdə ağıllı kənd və şəhər konsepsiyalarının tətbiqi də müasir texnoloji yanaşmaların əhəmiyyətini göstərir.

O baxımdan, Azərbaycan qarşıdakı dövrdə yüksək texnologiyalar, kibertəhlükəsizlik və süni intellekt kimi strateji əhəmiyyət daşıyan sahələrdə öz imkanlarını daha da genişləndirməli və bu istiqamətlərdə mühüm addımlar atmalıdır”.

Müəllif: Roza Şəfiyeva

Related Articles

Bir cavab yazın

Back to top button