AZERFAX TV

Ronaldonun taleyi necə olacaq? – Bacısından diqqətçəkən açıqlama

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Ulduz futbolçunun bacısı Elma Aveyro qardaşının yığmadakı karyerasını başa vurmaq ehtimalının az olmadığını bildirərək son hadisələrin münasibətlərə ciddi təsir etdiyinə işarə edib.

Aut.az xəbər verir ki, Elma Aveyro bu barədə kitab təqdimatı zamanı danışıb. Onun sözlərinə görə, 41 yaşlı hücumçunun milliyə qayıtmaması ehtimalı geri dönməsindən daha yüksəkdir. O, həm Ronaldonun, həm də Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşun yaranmış vəziyyətdən əziyyət çəkdiyini bildirib.

“Düşünürəm ki, vəziyyət çıxılmaz həddə çatıb. Nə olacağını görəcəyik. Məsələ çox mürəkkəbdir. İnsan özünü xəyanətə uğramış hiss edəndə əvvəlki vəziyyətə qayıtmaq çox çətin olur”, deyə Elma vurğulayıb.

Qeyd edək ki, Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı müzakirələr Portuqaliya millisinin Norveçlə oyunundan sonra güclənib. Həmin qarşılaşmada ehtiyat oyunçular skamyasında qalan hücumçu daha sonra komandanın düşərgəsini tərk edib. Bu hadisə onun baş məşqçi ilə münasibətləri və yığmadakı mövqeyi ətrafında suallar yaradıb.

Baş verənlərdən sonra Ronaldo təxminən 2 min sözdən ibarət geniş açıqlama yayaraq hadisələrlə bağlı mövqeyini ifadə edib və milliyə qayıtmaq istəyini diqqətə çatdırıb. Lakin bacısının son açıqlamaları bu dönüşün hələ də təmin olunmadığını göstərir.

Elma Aveyro Portuqaliya ictimaiyyətinin qardaşının ölkə futboluna verdiyi töhfələri unutmasından da narazılığını bildirib. Onun fikrincə, Ronaldo karyerası ərzində qazandığı uğurlara və milli komanda üçün gördüyü işlərə görə daha çox dəyərləndirilməlidir.

“Portuqaliya xalqının əvvəlki nailiyyətləri unutmasına təəssüflənirəm. Qardaşımın belə vəziyyətlə üzləşdiyini görmək çox çətindir. O, başına gələnləri ən az haqq edən insanlardan biridir”, deyə Elma əlavə edib.

Xatırladaq ki, Portuqaliya Futbol Federasiyası Ronaldonun düşərgəni tərk etməsindən sonra açıqlama yayaraq futbolçuya tətbiq olunan avtomatik cəzanı təsdiqləyib. Buna baxmayaraq, onun qarşıdakı oyunlarda milli komandaya dəvət alması gözlənilir. Ancaq yaranmış gərginliyin aradan qalxıb-qalxmayacağı və Ronaldonun Portuqaliya millisində çıxışını davam etdirib-etdirməyəcəyi hələlik bəlli deyil.

Related Articles

Bir cavab yazın

Back to top button