Təqaüddə olan hərbçilərin də pensiyası artacaq?

Bir sıra qanunlara edilən dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq.
Dəyişikliklər Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
Qanuna dəyişiklik bir sıra insanlar tərəfindən təqaüddə olan hərbçilərin pensiyalarının da 22,8% artacağı kimi izah olunur.
AZERFAX.AZ xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bu dəyişikliyin hazırda təqaüddə olan hərbçilərin pensiyasına təsir göstərməyəcəyini bildirib.
Onun sözlərinə görə, hərbçilərin pensiyası artıq 5 ildir ki, indeksləşdirilir: “Yəni ümumiyyətlə Azərbaycanda bütün növ əmək pensiyaları, o cümlədən hərbçilərin pensiyaları indeksləşdirilir. Yəni hazırda qanuna dəyişiklikdə hərbçilərin pensiyası aspektindən indeksləşdirilmədə hər hansı bir yenilik yoxdur”.
Qeyd edək ki, Azərbaycanda tətbiq edilən vahid indeksasiya metoduna əsasən, fərq qoyulmadan bütün növ pensiyalar (o cümlədən hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və s. kimi xüsusi şərtlərlə pensiya alanlar) ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.



