Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür

ABŞ Prezidenti Donald Tramp və Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evdə dünyanın ən böyük texnologiya şirkətlərinin rəhbərləri ilə süni intellektin tənzimlənməsi məsələsini müzakirə etmək üçün görüş keçirirlər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp ilə “Meta”nın rəhbəri Mark Zukerberq, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei, “Nvidia”nın rəhbəri Jensen Xuanq və “OpenAI”nin prezidenti Qreq Brokman görüşüblər. Agentlik digər ehtimal olunan iştirakçılar arasında “Google”un rəhbəri Sundar Piçai və “xAI”nin rəhbəri İlon Maskın adını çəkir.
Bundan əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson texnoloji korporasiyaların yarışının dünyanı “geri dönməz nöqtəyə” yaxınlaşdırdığından qorxaraq süni intellekt sənayesini tərk edib.
İyul ayında “OpenAI”nin baş direktoru Sem Altman bəyan etmişdi ki, dünya süni intellekt yarışında “sinqulyarlıq nöqtəsinə” çatıb. Texnoloji sinqulyarlıq elə bir fərziyyədir ki, ona əsasən texnoloji inkişafın idarəolunmaz və geri dönməz hala gəldiyi an gəlməli və bu, sivilizasiyada ciddi dəyişikliklərə səbəb olmalıdır.
Hüseyn İbadlı



