Trampın Moskva gedişi Avropanı silkələdi

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə Avropa İttifaqını (Aİ) prosesdən kənarda saxlayaraq ayrıca dialoq qura biləcəyindən ehtiyatlanır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa siyasi dairələrində aparılan müzakirələrə və mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, narahatlığa səbəb Trampın son dövrdə Rusiya prezidenti Vladimir Putinlə təmasları olub. Xüsusilə iyunun 14-də baş tutan və təxminən bir saat davam edən telefon danışığı Avropa paytaxtlarında diqqətlə izlənilib.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffin yenidən Moskvaya səfər edə biləcəyi də müzakirə olunur.
Eyni zamanda, Trampın kürəkəni Cared Kuşnerin Vaşinqton–Moskva təmaslarında mümkün iştirakı ilə bağlı ehtimallar da gündəmdədir.
Qeyd olunur ki, bu vəziyyət Aİ-də Vaşinqtonun Moskva ilə ikitərəfli danışıqlara üstünlük verərək Avropa tərəfdaşlarını qərarvermə prosesindən uzaqlaşdıra biləcəyi ilə bağlı narahatlıqları artırıb.
“Politico” yazır ki, Avropa ölkələri beynəlxalq təhlükəsizlik və müxtəlif böhranların həlli fonunda ABŞ-Rusiya təmaslarının inkişafını yaxından izləyir.
Müəllif: Adəm



