“Türk axını”nı belə partlatmaq istəyiblər

Jurnalist Boyan Pançevskinin araşdırma kitabında Ukrayna qrupunun “Şimal axını” ilə yanaşı, “Türk axını” qaz kəmərinə qarşı da diversiya hazırladığı iddia olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” Pançevskinin “Şimal axınının partladılması: Avropanı sarsıdan diversiyanın əsl hekayəsi” adlı kitabına istinadən məlumat yayıb.
Müəllif yazır ki, ilkin plana əsasən əməliyyat iki istiqamətdə həyata keçirilməli idi. Bir qrup Baltik dənizində fəaliyyət göstərərək sonradan partladılan “Şimal axını” kəmərlərinə hücum etməli, digər qrup isə Qara dənizdə “Türk axını”nı hədəfə almalı idi.
Kitabda qeyd olunur ki, Ukrayna qrupu bu məqsədlə Rumıniyanın Manqaliya limanındakı yaxta bazasını seçib. Onlar burada “Santa-Lusiya” adlı yaxtanı icarəyə götürmək istəyiblər. Lakin plan qısa müddətdə ciddi problemlərlə üzləşib.
Araşdırmaya görə, Qara dənizdə patrul nəzarəti gücləndirilib. Rumıniya və Bolqarıstan hərbi dəniz qüvvələri Odessa yaxınlığında döyüşlərin getməsi səbəbindən akvatoriyaya ciddi nəzarət ediblər. Bundan əlavə, yaxtanın sahibləri gəminin Rumıniya sularından kənara çıxmasına icazə verməyiblər.
Müəllif bildirir ki, diversiya planlaşdırılan ərazi “Türk axını”nın keçdiyi marşrutdan xeyli uzaqda yerləşib. Qrupun nəzərdə tutduğu nöqtəyə çatmaq üçün 16 saatdan çox üzmək lazım idi və həmin hissə artıq Türkiyə sularına daxil olurdu.
Pançevski iddia edir ki, əməliyyatın uğursuzluğunun əsas səbəbi zəif planlaşdırma olub. Onun versiyasına görə, iştirakçılar “Türk axını”nı Bolqarıstan sahillərində yerləşən daha kiçik qaz kəmərləri ilə səhv salıblar.
Söhbətin Rumıniya sərhədinə yaxın yerləşən “Qalata”, “Kavarna” və “Kaliakra” yataqlarına gedən borulardan getdiyi bildirilir. Müəllif vurğulayır ki, “Türk axını” isə Qara dənizin daha uzaq hissəsindən keçir.
Kitabda əməliyyat təşkilatçılarından birinin sözlərinə də yer verilib. Həmin şəxs sonradan Qara dəniz planının baş tutmamasını “uğurlu nəticə” adlandırıb. Onun fikrincə, Almaniya “Şimal axını” partladıldıqdan sonra da Ukraynaya dəstəyi davam etdirib, lakin Türkiyə daha sərt reaksiya verə bilərdi.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2026-cı ilin fevralında “Türk axını” və “Mavi axın” qaz kəmərlərinə qarşı terror planlarının hazırlandığını açıqlamışdı.
Xatırladaq ki, “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Daha sonra amerikalı jurnalist Seymur Herş ABŞ hərbi dalğıclarının Norveçin dəstəyi ilə kəmərlərə partlayıcı yerləşdirdiyini iddia etmişdi. Onun sözlərinə görə, qərarı o vaxtkı ABŞ prezidenti Co Bayden verib. ABŞ isə bu ittihamları rədd edib.
Müəllif: Adəm



