Türkiyə ilə yarışda qalib gələ bilmərik

Yunanıstan mətbuatı Türkiyənin pilotsuz hava və dəniz aparatları sahəsində üstünlüyünü etiraf edib.
AZERFAX.AZ xəbər verir ki, Yunanıstan mediası ölkənin pilotsuz uçuş aparatları donanması yaratmaq istiqamətində çalışdığını, lakin Türkiyənin bu sahədə artıq irəlidə olduğunu yazıb.
Təhlildə Türkiyənin üstünlüyünün yalnız yeni sistemlərin hazırlanması ilə məhdudlaşmadığı vurğulanıb. Bildirilib ki, Ankara seriyalı istehsal imkanları və ixrac uğurları ilə də fərqlənir. Türkiyə “ULAQ” və “MARLIN” kimi pilotsuz dəniz aparatları vasitəsilə hərbi imkanlarını dəniz sahəsinə də genişləndirir.
Yunanıstanın isə dörd yerli dövrə vuran sursat layihəsi üzərində işlədiyi, lakin prototiplərin seriyalı istehsala keçirilməsində çətinliklərlə üzləşdiyi qeyd olunub. Afinanın yeni dəniz layihəsi olan “Pyrpolitis” pilotsuz suüstü aparatı da oxşar problemlərlə qarşı-qarşıyadır.
Məqalədə mühərrik, batareya və sensor kimi kritik komponentlər üzrə xarici asılılıq, məhdud sifarişlər və layihələrin vahid proqram çərçivəsində həyata keçirilməməsi Yunanıstanın əsas problemləri kimi göstərilib.
Yunanıstan mediası vurğulayıb ki, ölkə Türkiyə ilə kəmiyyət baxımından rəqabətdə qalib gələ bilməz. Afinaya say üstünlüyü uğrunda mübarizə aparmaq əvəzinə, sistemlərin birgə işləməsinə, dayanıqlılığa və birgə istehsala diqqət yetirmək tövsiyə olunub.
Təhlilə görə, Yunanıstanın əsas çatışmazlığı prototipləri seriyalı istehsala daşıyacaq hərtərəfli proqramın və zəmanətli sifarişlərin olmamasıdır.
Müəllif: Roza



