AZERFAX TV

Türkiyədən gələn təriqətlər təhlükəsi – Azərbaycan nə etməlidir?

“Dövlət o zaman tam azad və ədalətli olur ki, o, bütün dinlərə eyni məsafədə dayanır, lakin heç birinin təsiri altına düşmür”. Volterin iki əsr öncə dediyi bu sözlər günümüzün reallığında, xüsusilə dini-ideoloji müdaxilələrin milli suverenliyə yaratdığı risklər, təriqətlərin, camaatların regionumuzda “dövlət içində dövlət”ə çevrilmələri, bir sözlə, siyasi İslamın təhlükələri fonunda yenidən aktuallaşır.

Bu risklərdən heç bir dövlət, o cümlədən, Azərbaycan tam sığortalamayıb. Dünyəvi quruluşun mühafizə edilməsi, konstitusiyanın dinin dövlətdən ayrı olması tələbinə daim əməl edilməsi təmin olunur, lakin xarici müdaxilə riskləri daim gündəmdədir. FETÖ məsələsi yaxın keçmişdə üzləşdiyimiz ən acı təcrübə idi və bu, təhlükənin nə qədər böyük olduğunu da ortaya çıxardı. FETÖ sıradan çıxarılıb, lakin “bununla Azərbaycana xarici dini-ideoloji müdaxilə cəhdləri başa çatıbmı” sualının cavabı birmənalı deyil. Çünki strateji müttəfiqimiz olan Türkiyə ilə münasibətlər Azərbaycan üçün nə qədər vacib olsa da, bu ölkədən dini ideoloji müdaxilələrin edilməsi riskləri bir o qədər genişdir. FETÖ təcrübəsində bununla üzləşdik. Və bu dini camaatın Azərbaycana ayaq açmasında, şəbəkələşməsində əsas benefisiar da məhz Türkiyə elitası – hakimiyyəti idi. Strateji müttəfiqimizin başa çıxardığı FETÖ ilk dövrlər apolitik görünür, eyni zamanda, Türkiyə hakimiyyətinin onlara alibi olması önlərini açırdı. Daha sonra FETÖ-AKP qarşıdurması Gülən camaatının sıxışdırılmasına, terror təşkilatı elan edilməsinə səbəb oldu. Nəticədə Azərbaycan Türkiyə hakimiyyətinin vaxtilə dəstəklədiyi şəbəkənin təhlükəsi ilə birbaşa mübarizə aparmaq məcburiyyətində qaldı.

Bu acı təcrübə Azərbaycanın dünyəvi dövlət quruluşuna ən böyük təhlükənin təriqətləşmə və camaatlaşmanın geniş vüsət aldığı Türkiyədən olduğunu deməyə əsas verir. Və FETÖ təhlükəsi aradan qalxsa da, Türkiyənin Azərbaycana dini-ideoloji müdaxilə risklərinin əsas mənbələrindən biri olaraq qaldığı aydın görünür. Xüsusilə iki faktor bu fikri ön plana çıxarır.

Birincisi, Türkiyədə təriqət və camaatların siyasətə müdaxilə potensialının geniş olmasıdır.

Hazırda Türkiyədə 30-dan çox böyük təriqət və ya dini camaat fəaliyyət göstərir. Türkiyə hakimiyyəti ideoloji mövqeyi və daxili siyasi konyunktura üçün bu təriqət və camaatlardan zaman-zaman istifadə edir. Vaxtilə FETÖ bu məqsədlə istifadə olunurdu, daha sonra onun yerini “Süleymançılar” tutdu. Bu gün “Süleymançılar” da sıradan çıxarılır. Lakin necə deyərlər, “müqəddəs yer boş qalmır”. Camaat və təriqətlər isə hakimiyyətə siyasi dəstək qarşılığında Türkiyə dövlətinin imkanlarından öz ideoloji dayaqlarını möhkəmləndirmək üçün istifadə edirlər.

İkincisi, Türkiyə konstitusiya ilə sekulyar dövlət olsa da, siyasi İslamın hakimiyyət dairələrinə qədər sızdığı sirr deyil. Hakim AKP həyata keçirdiyi dini siyasətlə bunu gizlətmir də.

Bu iki faktor Türkiyədəki təriqət və camaatların hakimiyyətin dəstəyi ilə sekulyarlıq qarşısında mövqelərini gücləndirməsinin, eləcə də təkcə bu ölkədə yox, Azərbaycanın da dünyəvi dövlət quruluşuna müdaxiləyə can atmasının əsas qaynağıdır. Adlar və fəaliyyət növləri dəyişir: bir gün FETÖ, sabah “Süleymançılar”, o biri gün başqa bir təriqət-camaat ola bilər. Lakin hədəf eynidir: İhvan (İhvani-müslim – “Müsəlman qardaşları”) ideologiyasının yayılması, genişlənməsi və siyasi İslam hakimiyyətinin qurulması.

İhvan hərəkatı: radikal siyasi İslamın təməli

Türkiyənin hakim dairələrində də kök salmış İhvan hərəkatı dünyada siyasi İslamın əsas ideoloji mənbəyini təşkil edir. Hərəkat 1928-ci ildə Həsən əl-Bənna tərəfindən Misirdə yaradılıb. Əsas şüarı “Həll yolu İslamdadır” (Əl-İslam huvə əl-həll) olan İhvanın hədəfi İslam dövlətinin (şəriət idarəetməsi) qurulmasıdır. Hərəkatın ortaya çıxmasının səbəbi də Osmanlı imperiyasının dağılması idi. Həsən əl-Bənna və tərəfdarları dağılan xilafəti yenidən qurmaq istəyirdilər. Bu məqsədlə İslam torpaqlarının azad edilməsi və Qərb ideologiyası kimi gördükləri dünyəviliyi aradan qaldırmağa çalışıblar. 1932-ci ildə hərəkatın mərkəzi yarandığı İsmailiyyə şəhərindən Qahirəyə köçürülür. İhvanın ilk dövrlər əsas fəaliyyəti məktəblər, məscidlər, institutlar, xəstəxanalar açaraq, güclənmək idi. Bu fəaliyyət nəticəsində Misirdə ciddi nüfuz qazanırlar, hətta siyasi proseslərə təsir edəcək qədər güclənirlər. Günümüzdə “dövlət içində dövlət” yaratmaq adlandırılan təsir mexanizmi İhvan hərəkatının təşkilatlanma təcrübəsinə əsaslanır. 1938-ci ildə açıq siyasətə atılan “Müsəlman qardaşları” 1940-cı illərdən sonra partiyalaşmağa və seçkilərdə iştirak etməyə başladı, daha sonra parlamentdə də təmsil olundular. 1970-ci illərə – hərəkat daxilində fikir ayrılıqlarının yaranmasına qədər “Müsəlman qardaşları” təkcə Misirdə yox, Yaxın Şərq ölkələrində siyasi proseslərə ciddi təsir edir, hətta hərbi çevrilişlərdə yer alırdı.

“Ərəb baharı” ilə yenidən dirçəliş

1980-ci illərə doğru fəaliyyəti zəifləyən “Müsəlman qardaşları”nın yenidən yüksəlişə keçidi “ərəb baharı” ilə başladı. 2011-ci ildə Yaxın Şərqdə başlayan etirazların sosial-iqtisadi problemlərdən və demokratiya arzularından qaynaqlandığı görünsə, yaxud belə servis edilsə də, nəticədə siyasi İslam önə çıxmışdı. Region ölkələrindəki seçkilərdə İhvan hərəkatının qazandığı qələbələr bunun bariz nümunəsi idi.

Misir: 2011-ci ildə parlament seçkilərində İhvan ideologiyasının siyasi daşıyıcı olan “Azadlıq və Ədalət Partiyası” qələbə qazandı, bir il sonra – 2012-ci ildə “Müsəlman qardaşları”nın namizədi Məhəmməd Mursi prezident seçildi.

Tunis: İhvan hərəkatının ideoloji qolu olan “Ən-Nəhda” (Dirçəliş) partiyası parlamentdə çoxluğu təmin edərək, koalisiya hökumətində rəhbərliyi ələ aldı.

Mərakeş: 2011 və 2016-cı il parlament seçkilərində İhvan hərəkatına bağlı “Ədalət və İnkişaf Partiyası” qalib gəlib.

Yəmən: İhvana bağlı “Əl-İslah” partiyası ölkənin ikinci ən böyük siyasi qüvvəsidir və hökumət koalisiyalarında təmsil olunub.

İordaniya: bu ölkədə də “Müsəlman qardaşları” ideologiyası “İslami Fəaliyyət Cəbhəsi” partiyası olaraq, ən böyük siyasi qüvvələrin birinə çevrilib.

“Ərəb baharı”nın belə nəticələnməsinin arxasında “Müsəlman qardaşları”nın Yaxın Şərqdəki sosial etiraz bazasına hakim olması dayanırdı. 2013-cü ildə Mursinin devrilməsi “Müsəlman qardaşları”nın siyasi yüksəlişini səngitdi. Hərəkat regionun bir çox ölkəsində güclü siyasi qüvvə kimi fəaliyyət göstərsə də, Mursinin Misirə rəhbərliyi ilə ortaya çıxan gözləntilər artıq zəifləyib. Lakin İhvan hərəkatı regionun əsas sosial bazası olaraq qalır və siyasətə təsir imkanları hələ də genişdir.

İhvanın Osmanlı xiffəti və Türkiyə istəyi

Hərəkatın əsas istəyi ideoloji hədəflərini – şəriətlə idarə olunan dövlətin qurulmasını Türkiyə vasitəsilə həyata keçirmək olub. Çünki Türkiyə Osmanlı xilafətinin xələfidir və İhvan hərəkatının yaradılma səbəbi də məhz dağılan xilafətin yenidən qurulması olub. Bu gün Türkiyə hakimiyyətinin siyasi İslam yanaşması fonunda buna müəyyən qədər nail olduqlarını demək mümkündür.

Bunu daha yaxşı anlamaq üçün İhvan hərəkatının Türkiyəyə necə daxil olması tarixinə nəzər yetirmək lazımdır. Hərəkat ilk qurulanda Türkiyə ilə təmaslarını davam etdirir, siyasi İslam ideologiyasını qəbul etdirməyə çalışırdı. Lakin Atatürkün dünyəvi dövlət siyasəti onların önündə böyük əngələ çevrildi. 1954-cü ildə Misirdə İhvan hərəkatının əleyhinə baş verən proseslərdən sonra Həsən əl-Bənnanın kürəkəni Səid Ramazan Türkiyəyə gəlir, burada bir müddət qaldıqdan sonra Avropaya gedir. Səid Ramazanın gəlişi İhvanın Türkiyəyə ayaq açmasının başlanğıcı hesab olunur. Məlumatlara görə, Səid Ramazan Türkiyədə dini ideologiyaya mənsub siyasətçilər və ictimai fəallarla görüşlər keçirirdi, onlardan biri də Nəcməddin Ərbakan olub. Ərbakanın İhvan ideologiyası ilə daha yaxından tanışığının bu dövrdə başlandığı deyilir. Bu, dəqiqləşdirilməmiş məlumat olsa belə, Ərbakanın 1970-ci ildə İhvan ideologiyasına əsaslanaraq, “Milli görüş” hərəkatını yaratması fonunda diqqətəlayiqdir.

“Milli görüş”lə İhvan hərəkatı arasında birbaşa bağlar mövcud olmasa da, ideoloji baxımdan böyük yaxınlıq var:

– Hər ikisi siyasi İslam hərəkatıdır;

– Hər ikisinin hədəfi şəriət qanunları ilə idarə olunan dövlət yaratmaqdır;

– “Milli görüş” də İhvan kimi daim Osmanlı xiffətini çəkən, siyasi hədəflərini xilafət amalları ilə quran hərəkat olub;

Türkiyə tarixçiləri “Milli görüş”çülərlə İhvançılar arasında zaman-zaman təmasların olduğunu da yazırlar.

“Milli görüş”dən AKP-yə uzanan radikal ideologiya

Nəcməddin Ərbakanın liderlik etdiyi hərəkat müxtəlif siyasi partiyalar adı ilə Türkiyədə hakimiyyətdə təmsil olunub, lakin zaman-zaman qadağalarla da üzləşib. Ərbakan 1997-ci il 28 fevral tarixində “modern çevriliş” adlanan hakimiyyət dəyişikliyi siyasətdən uzaqlaşdırıldı. Bu, “Milli görüş”ün – dini ideologiyanın Türkiyə siyasətindən uzaqlaşdırılması hesab olunur. Daha sonra “Milli görüş” daxilində “ənənəçilər” və “yenilikçilər” olmaqla parçalanma yaşandı. Ərbakanın tələbəsi hesab olunan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyip Ərdoğan həmin vaxt “yenilikçilər”in liderlərindən idi. 2001-ci ildə Ərdoğan və digər “yenilikçilər” “Milli görüş”dən ayrılaraq, AKP-ni yaratdılar. Bu ayrılığın planlaşdırıldığı, məqsədin siyasi İslamın hakimiyyətə gəlişinin önündəki əngəllərin aradan qaldırılması olduğu haqda da fikirlər var. Türkiyənin hazırkı hakimiyyətinin “Müsəlman qardaşları” ideologiyasına əsaslan qüvvələrə dəstək verməsi və Həsən əl-Bənnanın hədəfi olan Osmanlı xilafəti fikrinə simpatiya bəsləməsi fonunda bu versiya diqqətdən yayınmır. “Milli görüş”ün şinelindən çıxan AKP və Rəcəb Tayyip Ərdoğanın Misirdə “Müsəlman qardaşları”nın lideri Məhəmməd Mursini dəstəkləməsi təsadüfi deyildi. Post-Əsəd dövrünün Suriyasında eyni ideoloji siyasi xəttə yaxın olanların hakimiyyətə gəlişində Türkiyənin ciddi rolunun olduğu da qeyd edilməlidir.

Bu, dünyəvi dövlət quruluşunu devirmək, dövlət institutlarını ələ keçirmək və şəriət rejimi qurmaq istəyən İhvan ideologiyasının – radikal siyasi İslamın təkcə Türkiyə yox, bütövlükdə region üçün ciddi təhlükə olduğunu göstərir. Bizim üçün əsas məsələ bu ideoloji modelin Azərbaycana sızması riskləridir. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Türkiyədə İhvan ideologiyasına simpatiya bəsləyən siyasi dairələrin dəstəyi ilə bir sıra təriqət və dini camaatlar “qardaş ölkə” amilindən istifadə edərək, Azərbaycana daxil olub, yaxud belə cəhdlər ediblər. Nəzərə almaq lazımdır ki, belə təriqətlərin-dini camaatların üzvləri dövlət qanunlarını deyil, dini liderlərin göstərişlərini qeyd-şərtsiz itaətlə qəbul edir. Bu da “dövlət içində dövlət” strukturunun yaranması deməkdir. FETÖ-nün timsalında bunun milli təhlükəsizliyimizə yaratdığı risklərin acı təcrübəsini yaşamışıq.

Bunun bir daha baş verməməsi üçün Azərbaycan nə etməlidir?

Təhlükənin qarşısını almaq məqsədilə bir sıra istiqamətlərdə ciddi addımlar atılmalıdır.

– Türkiyə ilə qardaşlıq və strateji müttəfiqlik münasibətləri Azərbaycanı dünyəvi dövlət quruluşuna və milli təhlükəsizliyinə təhdid yaradan dini-siyasi cərəyanların ölkəmizdə şəbəkələşməsinə şərait yaratmamalıdır. Milli təhlükəsizlik naminə strateji müttəfiqimiz olan Türkiyədən gələn belə təhlükələrə qarşı sərt addımlar atılmalıdır.

– Təriqətlər və dini camaatların fəaliyyət mexanizminə xüsusilə diqqət etmək lazımdır. Çünki bu qruplar məqsədlərini açıq elan etmir, ölkələrə müxtəlif fəaliyyətlər – kurslar, humanitar yardımlar, xeyriyyə fondları, biznes şəbəkələri, tələbə yataqxanalarının qurulması kimi apolitik görünən işlərlə daxil olurlar.

– Bu şəbəkələrin əsas hədəfi gənclər, xüsusilə tələbələr olur. Yaratdıqları kurslarda, “təhsil ocaqları”nda, yaxud yataqxanalarda gənclərin beyinlərini yuyur, təriqət üzvünə çevirir, gələcəkdə onlardan “paralel dövlət” strukturunun qurulmasında istifadə edirlər. Gənclərin tələyə düşməsinə imkan verilməməlidir.

– Dini şəbəkələrin maliyyə qaynaqları da əsas təhlükələrdən biridir. Xaricdən göndərilən və ölkə daxilində gizli ianələrlə toplanan pullar siyasi məqsədlər naminə istifadə edilir.

– Radikal dini cərəyanların Azərbaycana daxil olması tarix boyu mövcud olmuş tolerantlıq, multikulturalizm və dinc birgəyaşayış modelini də təhdid edir. Çünki bu şəbəkələr cəmiyyəti “bizdən olan və olmayanlar” kimi hissələrə ayırır, qütbləşmə yaradırlar.

Bütün bunlar xaricdən gələn dini-ideoloji müdaxilələrə qarşı praktiki müstəvidə təxirəsalınmaz addımların atılması zərurətini yaradır. Azərbaycan dünyəvi dövlətdir və milli təhlükəsizliyimizin təmin edilməsi, cəmiyyətdə birliyin və birgəyaşayış modelinin qorunması, suverenliyimizin təhdid altına düşməməsi üçün siyasi İslam hərəkatlarının müdaxiləsinə imkan verilməməlidir.

Asif Nərimanlı

Related Articles

Bir cavab yazın

Back to top button