Yeddi şagirdin zəhərlənməsinə səbəb olan bufetin fəaliyyəti məhdudlaşdırıldı

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Bu barədə AZERFAX.AZ-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.
Araşdırmalar davam etdirilir.
***
Gəncədə C. Cabarlı adına 6 nömrəli orta məktəbdə zəhərlənən şagirdlərin sayı 7 nəfərə çatıb.
AZERFAX.AZ xəbər verir ki, daha iki şagird – 2012-ci il təvəllüdlü Z.Əsadullayeva və N.Rzayeva Gəncəəhər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, həmin şagirdlərin məktəbin bufetində şirniyyat yedikləri ehtimal olunur.
***
Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
“Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.
***
Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin açıqlamasında deyilib.
Qeyd olunub ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır”, – məlumatda bildirilib.
***
Gəncədə zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan məktəblilər kimliyi bəlli olub.
AZERFAX.AZ xəbər verir ki, onlar 2017-ci il təvəllüdlü S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D. Əliyeva, N. Quliyevadır.
İlkin məlumata görə, məktəblilər təhsil ocağının bufetindən alınan şirniyyatdan zəhərləniblər.
***
Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
AZERFAX.AZ Teleqraf-a istinadla xəbər verir ki, 5 şagird Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə gətirilib.
Hadisənin təfərrüatları və zəhərlənmənin səbəbləri dəqiqləşdirilir..



