ABŞ niyə Yaxın Şərqə 12 F-16 qırıcısı göndərib?


ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqə 12 ədəd F-16 qırıcısından ibarət yeni eskadrilya göndərib.
AZERFAX.AZ xəbər verir ki, “İtamilradar” portalının məlumatına görə, Oklahomanın Milli Qvardiyasına məxsus 138-ci Qırıcı Eskadrilyanın F-16-ları ABŞ ərazisindən Almaniyanın Şpangdahlem aviabazasına gətirilib və burada təxminən bir həftə qaldıqdan sonra Yaxın Şərqə istiqamətləndirilib. Təyyarələrin uçuşu ABŞ-a məxsus KC-135 yanacaqdaşıyan təyyarələrinin dəstəyi ilə həyata keçirilib.
ABŞ Hərbi Hava Qüvvələrinin “Air & Space Forces Magazine” nəşri də sentyabrın ortalarında Oklahomadan F-16-ların ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına göndərildiyini təsdiqləyib. Nəşr bu yerləşdirmənin bölgədəki digər aviasiya bölmələrinin rotasiyasının bir hissəsi ola biləcəyini bildirib.
Hazırda F-16-larla yanaşı, ABŞ-ın Yaxın Şərqdə F-35, F-15E, F/A-18 və EA-18G tipli döyüş təyyarələri də yerləşdirilib. Regiondakı ABŞ hərbi aviasiyasının ümumi tərkibi barədə açıqlanan rəqəmlərə görə, CENTCOM-un bazalarında 200-dən çox qırıcı və 30-a yaxın A-10 hücum təyyarəsi var.
Bundan əlavə, Ərəbistan dənizində xidmət aparan iki təyyarədaşıyan gəmi və iri desant gəmilərində 110-dan çox qırıcı yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın Şpangdahlem aviabazasındakı F-16-lardan biri sentyabrın 22-də təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Pilot katapult edərək xilas olub və yüngül xəsarətlərlə xəstəxanadan buraxılıb. Qəzanın səbəbi araşdırılır.
ABŞ müdafiə naziri Pit Heqsethin Yaxın Şərqdəki hərbi qüvvələrin yerləşdirilməsini 2027-ci ilə qədər uzatdığı barədə “The Wall Street Journal” da məlumat yayıb.



