Ölkə

Aşiq futbolçu sevgilisinin yanına qaçdı

Türkiyənin “Kocaelispor” klubunda diqqətçəkən hadisə baş verib. Komandanın 24 yaşlı malili yarımmüdafiəçisi Həbib Əli Keita təlim-məşq toplanışını icazəsiz tərk edərək ölkədən ayrılıb.

AZERFAX.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, klub prezidenti Rəcəb Durul keçirdiyi mətbuat konfransında futbolçunun gözlənilməz addımının səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, Keitanın komandadan ayrılmasının əsas səbəbi aşiq olmasıdır.

O bildirib ki, malili futbolçu sevdiyi qadının yanına getmək və karyerasını Türkiyədən kənarda davam etdirmək niyyətindədir. Rəcəb Durul Keitanın davranışını “ağıl tutulması” kimi qiymətləndirərək, futbolçunun menecerlərinin də hazırda zənglərə cavab vermədiyini deyib.

Klub prezidenti qeyd edib ki, futbolçuya vəziyyəti dəyərləndirməsi üçün müəyyən vaxt verilib. Lakin o, komandaya qayıtmasa, “Kocaelispor”un hüquqi addımlar atacağını da istisna etməyib.

Bununla yanaşı, klub rəhbərliyi Keita üçün qapıları tam bağlamayıb. Rəcəb Durul bildirib ki, futbolçu etdiyi hərəkətə görə üzr istəsə, peşman olduğunu dilə gətirsə və klubun daxili intizam qaydalarına uyğun cəzasını çəksə, onun yenidən komandaya qayıtması mümkündür.

Klub prezidenti onu da əlavə edib ki, hazırda Həbib Əli Keita ilə bağlı heç bir rəsmi transfer təklifi daxil olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button