Ölkə

Azərbaycan üç istiqamət üzrə əməkdaşlıq modeli qurur

Azərbaycanın Türk dünyası, Qafqaz və İslam coğrafiyası ilə əlaqələri ölkənin regional siyasətində və tarixi-mədəni mövqeyində mühüm yer tutur. Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər də bu istiqamətləri yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı AZERFAX.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, müxtəlif din və məzhəblərin nümayəndələrinin dinc şəraitdə yaşadığı ölkələrdən biridir:

“Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır. Lakin bu, dövlətin dini inkar etməsi demək deyil. Əksinə, Azərbaycan dini və məzhəb zəminində qarşıdurmaların olmadığı, müxtəlif inanclara sahib insanların azad və sülh şəraitində yaşadığı ölkələrdən biridir”, – politoloq bildirib.

T.Rzayevin sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın üç mühüm istiqamətdə mövqeyi diqqətə çatdırılıb:

“Burada üç əsas xətt görürük: Azərbaycanın Türk dünyasının bir parçası olması, Qafqaz ölkəsi olması və İslam coğrafiyasına mənsubiyyəti. Müasir geosiyasi şəraitdə Azərbaycan yalnız bir istiqamət üzrə liderlik iddiası irəli sürmək əvəzinə, dini, etnik və regional əməkdaşlığı bir araya gətirən model formalaşdırır”.

Politoloq Prezidentin çıxışında Qafqaz Albaniyası və Qəbələ ilə bağlı fikirlərə yer verməsini də xüsusi vurğulayıb. Dövlət başçısı Qədim Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcud olduğunu və onun paytaxtının Qəbələ şəhəri olduğunu bildirib.

“Qəbələnin bu kontekstdə xatırlanması mühüm simvolik məna daşıyır. Burada söhbət yalnız qədim şəhərin tarixindən deyil, Azərbaycanın Qafqazdakı tarixi mövcudluğu, dövlətçilik və mədəniyyət ənənələrindən gedir”, – T.Rzayev qeyd edib.

Politoloqun fikrincə, Prezidentin çıxışında əsas mesajlardan biri Azərbaycanın özünü yalnız bir kimlik çərçivəsində təqdim etməməsidir:

“Türk dünyası ilə bağlılıq, Qafqaz coğrafiyasına mənsubiyyət və İslam mədəniyyəti ilə əlaqələr Azərbaycanın tarixi təcrübəsində və müasir dövlətçilik yanaşmasında bir araya gəlir. Qəbələdən Bakıya, qədim Qafqaz Albaniyasından Türk Dövlətləri Təşkilatına qədər uzanan bu xətt Azərbaycanın tarixi və müasir mövqeyini anlamaq baxımından əhəmiyyətlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button