Azərbaycanda çevik iş vaxtı rejimi bu şəxslərə şamil ediləcək


Azərbaycanın “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin formalaşdırılması nəzərdə tutulur.
AZERFAX.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu model işçilərə həftəlik 40 saatlıq iş normasını qorumaq şərtilə iş gününün başlama və bitmə saatlarını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verəcək. Məqsəd iş və şəxsi həyat arasında tarazlığı gücləndirmək, əmək məhsuldarlığını artırmaq və əmək münasibətlərində çevikliyi təmin etməkdir.
Beynəlxalq praktikada çevik iş vaxtı rejimi əsas iş saatları və çevik giriş-çıxış intervalları əsasında tətbiq olunur. Bu model daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, inzibati və analitik fəaliyyət sahələrində, eləcə də azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, tələbələr və məsafədən və ya hibrid çalışanlar üçün əlverişli hesab edilir.
Nazirliyin məlumatına görə, 2026–2030-cu illərdə beynəlxalq təcrübə öyrəniləcək, hüquqi baza hazırlanacaq və çevik iş vaxtı rejiminin mərhələli tətbiqi həyata keçiriləcək.


