Ölkə

Bu məktəbdə bir müəllim, bir şagird var

Türkiyənin Konya vilayətinin Ilgın rayonunda yerləşən ibtidai məktəbdə Respublika Bayramı cəmi bir müəllim və bir şagirdin iştirakı ilə qeyd olunub. Kiçik məktəbdə keçirilən mərasimdə müəllim Fatih Yalçınkayanın şagirdi Hatice Gökmenə ünvanladığı sözlər duyğulu anlar yaşadıb.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Belekler məhəlləsində yerləşən Şəhid Hüseyn Topçu adına ibtidai məktəbdə əhalinin azalması səbəbindən şagirdlərin sayı ildən-ilə azalıb və bu tədris ilində məktəbdə cəmi bir şagird qalıb.

Müəllim Fatih Yalçınkaya və üçüncü sinif şagirdi Hatice Gökmen Türkiyə Respublikasının yaranmasının 103-cü ildönümünü məktəbdə təşkil olunan mərasimlə qeyd ediblər. Şagirdin ailəsi və məhəllə sakinləri də tədbirə qatılaraq onlara dəstək olublar.

Mərasim zamanı çıxış edən müəllim şagirdinə müraciət edərək bildirib ki, ölkənin müxtəlif yerlərində minlərlə şagirdin iştirakı ilə böyük bayram tədbirləri keçirilsə də, onların kiçik məktəbindəki mərasimin özünəməxsus mənası var.

Yalçınkaya Mustafa Kamal Atatürkün “Respublika, xüsusilə kimsəsizlərin kimsəsidir” fikrini xatırladaraq, bu ideyanın ölkənin ən ucqar bölgəsində yaşayan bir uşağın belə təhsil hüququna və işıqlı gələcəyinə sahib çıxmaq anlamı daşıdığını vurğulayıb.

“Bu gün bu məktəbdə yeganə şagird ola bilərsən. Amma unutma ki, sən bu ölkənin sadəcə bir şagirdi deyil, Respublikanın özüsən. Bu gün burada bəlkə də iki nəfərik, amma arxamızda bütöv bir millətin tarixi, sevgisi və gücü dayanır”, – deyə müəllim bildirib.

Məktəbin yeganə şagirdi Hatice Gökmen isə məktəbdə tək olmağın bəzən onu kədərləndirdiyini deyib. O, müəlliminin həm müəllimi, həm də dostu olduğunu, birlikdə vaxt keçirdiklərini və oyunlar oynadıqlarını söyləyib.

Gökmen mərasimə üç gün ərzində hazırlaşdıqlarını, tədbir zamanı əvvəlcə həyəcanlandığını, lakin sonradan sakitləşdiyini qeyd edib. O, ailəsinə və məhəllə sakinlərinə həmin gün onu tək qoymadıqları üçün təşəkkür edi.

Related Articles

Bir cavab yazın

Back to top button