Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdü


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası (#UNGA81) çərçivəsində ABŞ Ticarət Palatasının İcraçı Dəyirmi Masa toplantısında aparıcı korporasiyaların rəhbərləri və ABŞ-nin əsas şirkətlərinin nümayəndələri qarşısında çıxış edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton sammitindən sonra Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq, eləcə də əsas istiqamətlər üzrə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir çıxışı zamanı iştirakçıları Azərbaycanın xarici siyasət prioritetləri və müstəqilliyini bərpa etdikdən sonra atdığı addımlar, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsas istiqamətləri barədə məlumatlandırıb, iqtisadiyyat, energetika, ticarət, rəqəmsal transformasiya, süni intellekt, bağlantı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın əsas strateji istiqamətlərini, həmçinin regional prosesləri və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini diqqətə çatdırıb.
Aşağıdakı məsələlər qeyd olunub:
– 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Birgə Bəyannaməsi və paraflanmış Sülh Sazişindən sonra regional normallaşma prosesi, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi etimad quruculuğuna yönəlmiş praktiki tədbirlər;
– Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsində, eyni zamanda regional bağlantının, ticarətin və iqtisadi inteqrasiyanın gücləndirilməsində TRIPP layihəsinin əhəmiyyəti;
– Azərbaycanın Orta Dəhliz və “Rəqəmsal İpək Yolu” vasitəsilə regional bağlantı mərkəzi kimi strateji rolu;
– ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun nəticələrinə əsasən ticarət, energetika, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyətə başlaması; dialoq çərçivəsində imzalanmış 10-dan çox saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyinin əldə edilməsi;
– ABŞ şirkətləri ilə tərəfdaşlıq da daxil olmaqla, energetika sahəsində mühüm strateji nailiyyətlər.



