Dünyanın ən soyuq şəhəri hansıdır?


Dünyada elə bir şəhər var ki, burada qış aylarında temperatur mənfi 40 dərəcəyə qədər düşür. Buna baxmayaraq, yüz minlərlə insan bu sərt iqlim şəraitində gündəlik həyatını davam etdirir.
AZERFAX.AZ xəbər verir ki, söhbət Rusiyanın Sibir bölgəsində yerləşən Yakutsk şəhərindən gedir. Şəhər dünyanın ən soyuq şəhəri kimi tanınır. Qış aylarında temperaturun -40°C ətrafında olması burada adi hal hesab edilir.
Yakutskda soyuq həyatın demək olar ki, bütün sahələrinə təsir edir. Torpağın böyük hissəsi daimi donmuş vəziyyətdə olduğundan binaların tikintisi də xüsusi üsullarla həyata keçirilir. Bir çox tikililər yerə birbaşa deyil, dayaqlar üzərində inşa olunur.
Şəhərdə yaşayan insanlar da sərt iqlimə uyğunlaşıblar. Qışda küçədə uzun müddət qalmaq təhlükəli olduğundan insanlar çöldə keçirdikləri vaxtı minimuma endirməyə çalışırlar. Hətta güclü şaxtalarda avtomobilləri işə salmaq belə ciddi problemə çevrilə bilər.
Maraqlıdır ki, Yakutsk yalnız soyuğu ilə deyil, temperatur fərqi ilə də diqqət çəkir. Şəhərdə yay aylarında temperatur 30°C-dən yuxarı qalxa bilir. Beləliklə, burada il ərzində 70 dərəcəyə yaxın temperatur fərqi yaşana bilər.



