Fransada başlayan etirazlar İtaliyaya keçdi


Fransada başlayaraq daha sonra İtaliyaya yayılan sosial etirazlar Avropada daha geniş iğtişaş dalğasının başlanğıcı ola bilər.
AZERFAX.AZ xəbər verir ki, “Politico” nəşri payız və qış aylarında Avropa İttifaqı ölkələrində genişmiqyaslı etirazların artacağını proqnozlaşdırır.
Nəşrin yazdığına görə, bir sıra ölkələrdə gənclər arasında artan narazılıq həyatın bahalaşması və yanacağın qiymətlərinin yüksəlməsi ilə bağlı ümumi narahatlıqlarla üst-üstə düşür.
“Politico”nun diqqət çəkdiyi əsas ölkələrdən biri İtaliyadır. Ölkənin cənubunda yüksək yanacaq qiymətlərinə etiraz edən yük maşını sürücülərinin aksiyaları genişlənir.
Nəşr bildirir ki, bu vəziyyət Baş nazir Corcia Meloni hökuməti üçün ciddi böhran yaradıb. Bir sıra supermarketlərdə rəflərin boşaldığı, yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyi və hava limanlarına yanacaq tədarükünün dayandığı qeyd olunur.
Meloni hökumətin iclasından sonra yol blokadalarının aradan qaldırılacağını və dizel yanacağının bahalaşmasının təsirlərini azaltmaq üçün yardım paketinin təqdim ediləcəyini açıqlayıb.
Bununla belə, şənbə günü İtaliyanın səkkiz şəhərində yeni etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Ötən çərşənbə günü Yunanıstanda minlərlə tələbə və müəllim təhsilin maliyyələşdirilməsinin artırılması, məktəb binalarında təhlükəsizliyin təmin olunması və mənzillərin daha əlçatan olması tələbi ilə küçələrə çıxıb.
Etirazçılar Fransa dilində yazılmış plakatlar daşıyaraq Fransadakı nümayişçilərlə həmrəylik ifadə ediblər.
Yeni yaradılmış solçu ELAS partiyasının lideri, keçmiş baş nazir Aleksis Tsipras bildirib ki, “Fransadan və digər ölkələrdən gələn siqnal son dərəcə aydındır”.
İspaniyada mənzillərin əlçatmaz qiymətləri ilə bağlı böhran minlərlə insanı küçələrə çıxarıb.
Ölkədə 15 ildən sonra ilk ümummilli tətilin noyabrın 11-də keçirilməsi planlaşdırılır.
Fransada isə prezident Emmanuel Makron etirazların yenidən genişmiqyaslı qarşıdurmaya çevrilməsinin qarşısını almaq məqsədilə cümə axşamı Yelisey sarayında hökumət üzvləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirib.
Buna baxmayaraq, oktyabrın 24-nə yeni etiraz aksiyaları planlaşdırılıb. “Politico” qeyd edir ki, bütün bu ölkələrdə yaxın aylarda seçkilərin keçirilməsi gözlənilir. İlk seçkilər noyabrın 29-da İspaniyada baş tutacaq.
Nəşrin qiymətləndirməsinə görə, hazırda Avropada iqtisadi qeyri-sabitliyin və dərin siyasi qütbləşmənin seçki kampaniyalarına necə təsir göstərəcəyi narahatlıqla izlənilir.
Gözləntilərə görə, populist partiyalar əhalinin artan narazılığından öz siyasi məqsədləri üçün maksimum istifadə etməyə çalışacaqlar.
Ekspertlər isə vəziyyətin qarşıdakı aylarda daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Qış aylarında enerji qiymətlərinin artacağı ehtimalı ailələrin büdcəsinə əlavə təzyiq yarada bilər.
Beləliklə, yanacaq və yaşayış xərclərinin artması, mənzil probleminin dərinləşməsi və siyasi qütbləşmə Avropada sosial narazılığın əsas hərəkətverici amillərinə çevrilir.



