Ölkə

Gölün üstündə özünə kənd yaratdı

Adi həyatdan uzaqlaşmaq istəyən vyetnamlı bir kişi qeyri-adi qərar verib. O, yaşadığı kəndi tərk edərək meşələrin arasında yerləşən gölün üzərində öz yaşayış məntəqəsini qurub.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, kişi təxminən bir il ərzində tamamilə öz imkanları hesabına gölün üzərində üzən yaşayış məntəqəsi yaradıb. Maraqlısı isə budur ki, tikinti zamanı elektrik alətlərindən, texnikadan, mismardan və sənaye materiallarından istifadə edilməyib.

Yaşayış məntəqəsi əsasən bambuk və taxtadan hazırlanıb. Ənənəvi dülgərlik üsullarından və əl əməyindən istifadə edən şəxs evləri üzən platformaların üzərində inşa edib. Quruluş göldə suyun səviyyəsinin dəyişməsinə uyğunlaşacaq şəkildə hazırlanıb.

Əvvəlcə kiçik bir üzən platforma yaradan kişi zaman keçdikcə burada yemək bişirmək, dincəlmək, ərzaq saxlamaq və qida yetişdirmək üçün müxtəlif bölmələr qurub. Beləliklə, kiçik bir platforma zamanla bütöv bir kəndə çevrilib.

Həmin şəxs burada öz qidasını da istehsal edir. Platformanın bir hissəsində balıq yetişdirmək üçün xüsusi hovuz yaradılıb. Bundan başqa, gölün üzərində üzən bağlar salınıb. Həmin bağlarda təbii kompostdan istifadə etməklə tərəvəz, meyvə və düyü yetişdirilir.

Qeyri-adi yaşayış məntəqəsində elektrik şəbəkəsi, mühərrik və digər texnoloji imkanlar yoxdur. Gündəlik işlər əsasən əl əməyindən, sudan, oddan və təbiətin digər imkanlarından istifadə etməklə həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button