Ölkə

Göyçay-Bərgüşad yolu nə vaxt təmir olunacaq?

Göyçayın əsas avtomobil yollarından biri hesab olunan Göyçay-Bərgüşad yolu uzun illərdir ki, təmirsizdir.

Bu barədə AZERFAX.AZ-ın bölgə müxbirinə müraciət edən sakinlər bildiriblər. Onların sözlərinə görə, hər gün yüzlərlə nəqliyyat vasitəsinin istifadə etdiyi yolun yararsız vəziyyətdə olması həm sürücülər, həm də sərnişinlər üçün ciddi çətinliklər yaradır. Xüsusilə yolun müxtəlif hissələrində yaranan qabarmalar və deformasiyalar yük və minik avtomobillərinin hərəkətini çətinləşdirir, nəticədə nəqliyyat vasitələri tez-tez nasaz vəziyyətə düşür.

Sakinlər bildiriblər ki, yolun uzun müddətdir təmir olunmaması həm hərəkət təhlükəsizliyinə mənfi təsir göstərir, həm də sürücülərin əlavə xərc çəkməsinə səbəb olur.

Qeyd edək ki, iki hərəkət zolağından ibarət olan Göyçay-Bərgüşad avtomobil yolu Bakı-Şamaxı magistralı ilə Bakı-Qazax avtomobil yolunu birləşdirən əsas alternativ yollardan biridir. Eyni zamanda bu yol Göyçay rayonunun bir neçə kəndinin rayon mərkəzi ilə əsas nəqliyyat əlaqəsini təmin edir.

AZERFAX.AZ-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Respublika əhəmiyyətli Göyçay-Bərgüşad avtomobil yolunun uzunluğu 16 km-dir və III texniki dərəcəyə aiddir. Yolun müəyyən hissələrində çökmə və qabarmalar yarandığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər müşahidə olunur. Agentlik tərəfindən mütəmadi olaraq cari təmir və saxlanma işləri aparılsa da, yolun əsaslı təmirə ehtiyacı vardır. Bununla bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Yolun investisiya proqramına daxil edilməklə əsaslı şəkildə yenidən qurulmasının növbəti mərhələlərdə təmin edilməsi nəzərdə tutulur.

Davud Tarverdiyev / AZERFAX.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button