Gündə 6 mərtəbə pilləkən qalxmaq ömrü uzada bilər – ARAŞDIRMA


Şərqi İngiltərə Universiteti və Norfolk və Norviç Universitet Xəstəxanasının alimləri 480 mindən çox şəxsin sağlamlıq məlumatlarını təhlil ediblər.
AZERFAX.AZ xəbər verir ki, araşdırma zamanı məlum olub ki, gündəlik həyatında mütəmadi olaraq pilləkənlərdən istifadə edən insanların ürək-damar xəstəliklərindən ölmə ehtimalı 39 faiz, bütün səbəblərdən ölüm riski isə 24 faiz daha azdır. Pilləkən qalxmağın infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək-damar xəstəliklərinin inkişaf riskinin azalması ilə də əlaqəli olduğu müəyyənləşdirilib.
Mütəxəssislərin fikrincə, pilləkənlərdən istifadə əlavə idman avadanlığına və xüsusi məşq vaxtına ehtiyac olmadan fiziki aktivliyi artırmağın asan yollarından biridir. Tədqiqatın nəticələri gündəlik təxminən 6 mərtəbə pilləkən qalxmağın sağlamlıq baxımından xüsusilə faydalı ola biləcəyini göstərir.
Bununla yanaşı, alimlər optimal nəticə üçün pilləkənlərlə qalxmanın dəqiq müddəti və tezliyini müəyyən etmək üçün əlavə araşdırmaların aparılmasının vacib olduğunu vurğulayırlar.
Tədqiqatın nəticələri American Journal of Cardiovascular Drugs jurnalında dərc edilib.



