İlber Ortaylıdan ailəsinə 7 ev qalıb


Türkiyənin tanınmış tarixçisi İlber Ortaylının vəfatından sonra şəxsi əşyalarının satışa çıxarılması ilə bağlı müzakirələrə qızı Tuna Ortaylı aydınlıq gətirib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, Tuna Ortaylı atasının əşyalarının satışa çıxarılmasının səbəbini açıqlayıb. O bildirib ki, satışdan əldə olunan bütün vəsait İlber Ortaylının adına yaradılacaq xatirə meşəsi layihəsinə yönəldiləcək.
Tuna Ortaylı jurnalist Mirgün Cabasın “YouTube” proqramında atasının şəxsi əşyalarının “WhatsApp” qrupları vasitəsilə satışa çıxarılması ilə bağlı müzakirələrə münasibət bildirib.
Onun sözlərinə görə, məqsəd atasından qalan əşyaların istifadəsiz qalmasının və ya atılmasının qarşısını almaq, əldə olunan gəliri isə onun xatirəsinə həsr ediləcək layihəyə yönəltməkdir.
İlber Ortaylının bir neçə evinin olması ilə bağlı yayılan “7 ev” müzakirələrinə də toxunan qızı bildirib ki, bunun əsas səbəbi atasının zəngin kitab kolleksiyası olub. Onun sözlərinə görə, tarixçinin əsas yaşayış yeri Baltalimanında yerləşib. Yeşilköy də daxil olmaqla digər evlərin əksəriyyətindən isə təxminən 50 min kitabın saxlanılması üçün istifadə olunub. Qızı atasından 7 ev qaldığına dair iddiaları təsdiqləyib.
Tuna Ortaylı hazırda müxtəlif ünvanlarda dağınıq vəziyyətdə olan kitabların bir mərkəzdə toplanması istiqamətində iş aparıldığını qeyd edib. Bununla da İlber Ortaylının illər ərzində topladığı geniş kitabxananın qorunması və gələcəkdə bir araya gətirilməsi planlaşdırılır.



