İnnovasiya və startaplar üçün yeni qanunvericilik paketi


Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün geniş güzəşt paketinin tətbiqi nəzərdə tutulur.
AZERFAX.AZ xəbər verir ki, təqdim olunan güzəşt paketinə əsasən, 1 iyul 2026-cı ildən etibarən qeyd olunan fəaliyyət sahələrindən əldə edilən gəlir və mənfəət 20 il müddətinə 0 faiz dərəcəsi ilə vergiyə cəlb olunacaq. Həmin şirkətlərin və fərdi sahibkarların ödədikləri dividendlərin də 20 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, sözügedən fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin istifadə etdikləri əmlak və torpağa görə 20 il müddətinə əmlak və torpaq vergisindən azad olunması planlaşdırılır.
Güzəşt paketində vergi yoxlamaları ilə bağlı da yeniliklər yer alıb. Belə ki, bir vergi ödəyicisində aparılan səyyar vergi yoxlamasının ümumi xronoloji müddəti, uzadılma və dayandırılma halları da daxil olmaqla, 90 iş günündən artıq ola bilməyəcək. Bu müddətdən sonra əlavə vergi hesablanmasına yol verilməyəcək.
Eyni zamanda, “Startap” şəhadətnaməsi və texnopark rezidentlərinə fəaliyyətlərinin ilk üç ili ərzində aparılan yoxlama nəticəsində 50 min manatdan artıq vergi borcu hesablandığı halda, həmin borcun sahibkarın bank hesablarından dondurulmasına məhdudiyyət tətbiq ediləcək.
Xaricə xidmət və ya məhsul ixracı zamanı isə güzəştlərdən yararlanmaq üçün əldə olunan vəsaitin Azərbaycan Respublikasındakı bank və digər ödəniş hesablarına köçürülməsi tələb olunacaq.
Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə bildirib ki, sözügedən təşəbbüslər daha geniş biznes paketinin tərkib hissəsidir.
Onun sözlərinə görə, paket yalnız vergi güzəştləri ilə məhdudlaşmır, miqrasiya, gömrük, satınalmalar və sosial sığorta kimi müxtəlif istiqamətləri də əhatə edir.
Hümbətzadə qeyd edib ki, biznes və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində əvvəlki illərdə də müvafiq hüquqi aktlar qəbul olunub. Hazırda isə biznesin inkişafının təşviqinə yönəlmiş yeni qanunvericilik dəyişiklikləri üzrə proses davam edir.
O əlavə edib ki, güzəştlərlə bağlı təkliflər də artıq Milli Məclis tərəfindən qəbul olunaraq Prezidentin imzalanması üçün təqdim edilib.
“Yaxın günlərdə onların da təsdiq olunması gözlənilir”, – deyə S.Hümbətzadə qeyd edib.
Gülbəniz Hüseynli / AZERFAX.AZ



