Moskvaya ən böyük dron hücumu oldu, ölənlər var


Moskva Ukrayna müharibəsi başlayandan bəri ən böyük PUA hücumuna məruz qalıb.
AZERFAX.AZ xəbər verir ki, mer Sergey Sobyaninin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri şənbə günündən bəri 1600-dən çox Ukrayna dronunu vurub. O, dronların 450-sinin paytaxta yaxınlaşarkən vurulduğunu söyləyib.
Bir neçə dron Kapotnyadakı Moskva Neft Emalı Zavoduna çatıb. Şahidlərin sözlərinə görə, hücumdan sonra neft emalı zavodunda yanğın baş verib. Sobyanin dronların neft emalı zavodunun ərazisinə çatdığını təsdiqləyib.
Daha bir dronun Moskvada yaşayış binasına dəydiyi bildirilib. Rusiya paytaxtında Ukraynanın dron hücumu nəticəsində itki olmayıb.
Ən ağır nəticələr Moskva vilayətində qeydə alınıb. Qubernator Andrey Vorobyovun sözlərinə görə, təkcə səhər saat 3:00-dan 5:00-dək hava hücumundan müdafiə qüvvələri və elektron müharibə sistemləri vilayətin 17 şəhərində 249 dronu vurub. Hücumlar nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb. Yaralananlardan ikisinin uşaq olduğu bildirilib.
Ramenskoye rayonunda, Severnoye şossesindəki 21 mərtəbəli yaşayış binasının damı dron hücumundan sonra alovlanıb. Binadan 70 uşaq da daxil olmaqla 400 nəfər təxliyə edilib. İyirmi avtomobilə ziyan dəyib.
Sofyino şəhərinin Novaya küçəsində üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib. Üçüncü mərtəbədəki altı mənzilə ziyan dəyib. 44 yaşlı qadın həlak olub. İki uşaq da daxil olmaqla daha beş nəfər yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdirilib.
Orexovo-Zuyevski şəhərində PUA hücumu nəticəsində yaşlı kişi ölüb.
Moskva vilayətində dron hücumu nəticəsində 20 nəfərin yaralandığı bildirilib.



