Ölkə

nə maşın var, nə siqnal…

Türkiyədə elə bir kənd var ki, burada avtomobil səsi, siqnal və hətta təkər izi belə görmək mümkün deyil. Müasir dünyanın səs-küyündən uzaqda yerləşən bu qeyri-adi yaşayış məskəni Antalya vilayətinin Demre rayonundakı Kaleköydür. Antik dövrdə Simena adlanan kənd Türkiyədə avtomobilin daxil ola bilmədiyi nadir yaşayış məskənlərindən biri kimi diqqət çəkir.

AZERFAX.AZ xəbər verir ki, Kaleköyün avtomobilsiz qalmasının əsas səbəbi ərazinin həm mürəkkəb coğrafi quruluşu, həm də tarixi əhəmiyyətidir. Antik Simena şəhərinin qalıqları üzərində yerləşən kənd birinci dərəcəli arxeoloji ərazi kimi qorunur. Sərt qayalıqlar və dik yamaclar burada avtomobil yolu salınmasını da mümkünsüz edir.

Kəndin dar küçələri də adi yolları xatırlatmır. Buradakı keçidlərin böyük hissəsi daş pilləkənlərdən ibarətdir. Buna görə də kənd daxilində təkərli nəqliyyat vasitələrindən istifadə etmək mümkün deyil.

Kaleköyə getmək istəyənlər əsasən dəniz yolundan istifadə edirlər. Kəndə qayıq və digər kiçik su nəqliyyatı vasitələri ilə çatmaq mümkündür. Digər yol isə məşhur Likya Yolu üzərindəki çətin cığırlardan keçərək piyada hərəkət etməkdir. Bu isə kifayət qədər vaxt və fiziki hazırlıq tələb edir.

Lakin kəndin əsas cazibəsi yalnız avtomobilsiz olması deyil. Kaleköyə gələnləri Aralıq dənizinin şəffaf sularında görünən minillik Likya dövrünə aid daş sərdabələr, yüksəkdə yerləşən və bütün Kekova körfəzinə mənzərə açan tarixi Simena qalası qarşılayır.

Kəndin yerli ləzzətləri də turistlərin diqqətini çəkir. Xüsusilə yerli sakinlərin hazırladığı keçi südlü dondurma Kaleköyə gələnlərin sınadığı məşhur dadlardan biridir.

Mühərrik səsindən və maşın tüstüsündən uzaq bu məkan sakitliyi, tarixi və təbiəti bir arada yaşamaq istəyən turistlər üçün fərqli ünvan olaraq qalır. Kaleköy müasir nəqliyyatın olmadığı, lakin əsrlərin izlərinin qorunduğu nadir yaşayış məskənlərindən biri kimi ziyarətçiləri heyrətləndirməyə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button