Ölkə

region üçün yeni imkanlar yaranır

Sülh təkcə siyasi sənəd və diplomatik razılaşma deyil. Sülh həm də regionun iqtisadi gələcəyini dəyişə biləcək mühüm amildir. Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması Cənubi Qafqaz üçün yeni iqtisadi imkanlar yaradır. Uzun illər münaqişə və qeyri-müəyyənliklə üzləşən region indi investisiya, nəqliyyat, enerji və ticarət layihələrinin genişlənməsi baxımından yeni mərhələyə qədəm qoyur.

Xarici investorlar üçün əsas məsələlərdən biri layihənin həyata keçiriləcəyi ərazidə sabitlik və təhlükəsizliyin olmasıdır. Münaqişə riskinin yüksək olduğu bölgələrə sərmayə qoymaq həm daha çətin, həm də daha bahalıdır. Davamlı sülh isə bu riskləri əhəmiyyətli dərəcədə azaldır. Bu baxımdan Cənubi Qafqaz xarici kapital üçün daha cəlbedici məkana çevrilə, iri şirkətlərin regiona uzunmüddətli sərmayə qoymaq marağı arta bilər.

Mövzu ilə bağlı AZERFAX.AZ-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev əmindir ki, sülhün təmin olunması region ölkələrinin iqtisadi imkanlarını genişləndirəcək və investorların bölgəyə münasibətini dəyişəcək:

“Uzun illər Cənubi Qafqazda münaqişə riski investorların əsas narahatlıqlarından biri olub. Davamlı sülhün yaranması bu riski azaldacaq və bölgəyə daha çox investisiya cəlb etmək üçün imkan yaradacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz regionda sabitliyin və iqtisadi əməkdaşlığın əsas mərkəzlərindən birinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni reallıqlar həm ölkəmiz, həm də bütün region üçün böyük imkanlar yaradır”.

erqrubarn9.webp

Fotoda: deputat Naqif Həmzəyev

Bu prosesin əsas iqtisadi istiqamətlərindən biri nəqliyyat və logistika sektorudur. Azərbaycan uzun müddətdir Şərqlə Qərbi birləşdirən əsas tranzit qovşaqlarından birinə çevrilmək üçün iri infrastruktur layihələri həyata keçirir. Regional kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı layihələrin reallaşması yükdaşımaların həcmini artırmaqla yanaşı, yeni logistika mərkəzlərinin, terminalların, anbarların və xidmət sahələrinin yaradılmasına şərait yaradacaq.

Sülhün iqtisadi faydaları isə yalnız tranzit gəlirləri ilə məhdudlaşmır. Nəqliyyat dəhlizləri boyunca yeni bizneslərin yaranması, kiçik və orta sahibkarlığın genişlənməsi, xidmət sektorunun inkişafı və yeni iş yerlərinin açılması mümkündür. Region ölkələri üçün bu, həm də beynəlxalq ticarətə daha sıx inteqrasiya və yeni bazarlara çıxış deməkdir.

Zəngəzur dəhlizinin və digər nəqliyyat şəbəkələrinin iqtisadi əhəmiyyətindən danışan Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan artıq yalnız tranzit ölkə deyil, nəqliyyat və logistika sahəsində mühüm mərkəzə çevrilməkdədir:

“Regional kommunikasiyaların açılması Orta Dəhlizin imkanlarını daha da artıracaq. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması yükdaşımaların sürətlənməsinə və Azərbaycan üzərindən keçən marşrutların daha da əhəmiyyətli olmasına imkan verəcək. Bu proses təkcə nəqliyyat sahəsinə deyil, ticarətə, xidmət sektoruna, tikintiyə və yeni bizneslərin yaranmasına da müsbət təsir göstərəcək. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Prezident İlham Əliyevin nəqliyyat layihələrinə göstərdiyi diqqət ölkəmizin bu imkanlardan daha böyük fayda əldə etməsinə şərait yaradır”.

Enerji sektoru da potensial investisiyaların əsas istiqamətlərindən biri hesab olunur. Qarabağ və Şərqi Zəngəzurun hidroenerji imkanları, eləcə də Xəzər dənizinin külək enerjisi potensialı Azərbaycanın yaşıl enerji strategiyasında mühüm yer tutur. Xarici investorların bu sahəyə marağının artması yeni elektrik stansiyalarının, enerji xətlərinin və ixrac infrastrukturunun yaradılmasını sürətləndirə bilər. Uzunmüddətli perspektivdə Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, yaşıl enerjinin də regional ixracatçısına çevrilə bilər.

Sülhün iqtisadi təsiri regionun yenidən qurulması prosesində də özünü göstərəcək. İşğaldan azad edilmiş ərazilərdə yolların, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin yaradılması böyük maliyyə resursları tələb edir. Bu proses yerli şirkətlərlə yanaşı, xarici investorlar üçün də yeni imkanlar formalaşdırır. Təhlükəsizlik mühitinin möhkəmlənməsi həmin ərazilərin iqtisadi həyata daha sürətli qoşulmasına imkan verə bilər.

Bərpa və rəqəmsallaşma layihələrinin əhəmiyyətinə diqqət çəkən deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlər gələcək üçün mühüm nümunədir:

“İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəştlər, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri, həmçinin Yaşıl Enerji Zonası ilə bağlı işlər yeni iqtisadi imkanlar yaradır. Bu ərazilərin iqtisadi dövriyyəyə daha fəal qoşulması Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi töhfə verə bilər. Aqrar sahə, sənaye, turizm və digər istiqamətlərdə yeni müəssisələrin yaradılması həm iş yerlərinin artmasına, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq”.

Ən mühüm məqamlardan biri də sülhün dövlət və biznes üçün yeni prioritetlər yaratmasıdır. Hərbi risklərin azalması diqqətin daha çox insan kapitalına, təhsilə, rəqəmsal infrastruktura, texnologiyaya və sosial layihələrə yönəldilməsinə imkan vercək. Beləliklə, sülhün real nəticəsi yalnız yeni yolların və müəssisələrin tikilməsi deyil, daha güclü və məhsuldar iqtisadiyyatın formalaşması olacaq.

İnsan kapitalı və büdcə imkanlarından danışan Naqif Həmzəyev vurğulayıb ki, sülhün əsas üstünlüklərindən biri ölkələrin gələcək inkişafına daha çox vəsait ayırmaq imkanının yaranmasıdır:

“Sülh şəraitində dövlət vəsaitlərini daha çox təhsil, innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişafına yönəltmək mümkündür. Bu gün ölkələrin rəqabət gücünü yalnız təbii sərvətlər deyil, bilik, texnologiya və peşəkar kadrlar müəyyən edir. Sülh bizə bu istiqamətlərə daha çox diqqət ayırmaq və iqtisadiyyatımızı daha müasir əsaslar üzərində qurmaq üçün geniş imkan verir”.

Sonda qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh siyasi sabitlikdən daha böyük məna daşıyır. Bu, regionun iqtisadi xəritəsini dəyişdirə biləcək strateji fürsətdir. Azərbaycan üçün isə bu proses tranzit, enerji, logistika, sənaye və yeni investisiya imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sülh möhkəmləndikcə əsas məsələ yalnız münaqişədən uzaqlaşmaq deyil, yaranan yeni iqtisadi imkanlardan maksimum faydalanmaq olacaq.

Aynur Abdınova / AZERFAX.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

7215263b60-b14feb068a-32374670357424901158319806090816262624225531n.png

Related Articles

Bir cavab yazın

Back to top button