Rusiyanın hərbi bazasına ehtiyacımız yoxdur


Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində yerləşən Rusiya hərbi bazasının ölkənin təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşımadığını bildirib.
AZERFAX.AZ xəbər verir ki, Paşinyan keçirdiyi mətbuat konfransında Gümrü şəhərində yerləşən 102-ci Rusiya Hərbi Bazası ilə bağlı fikirlərini açıqlayıb. Paşinyanın sözlərinə görə, hərbi bazanın ölkənin təhlükəsizliyinə əlavə töhfəsi yoxdur. O bildirib ki, Rusiya bazanı Ermənistandan çıxarmaq istəyirsə, bunu edə bilər, qalmaq niyyətindədirsə, bazanın fəaliyyət şərtlərini müzakirə etməyə hazırdır.
Qeyd edək ki, 102-ci Rusiya Hərbi Bazası Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi obyektlərindən biri hesab olunur. Baza 1995-ci ildə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir və burada quru qoşunları ilə yanaşı, hava hücumundan müdafiə bölmələri və döyüş təyyarələri də yerləşir. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ermənistanın bu infrastruktura ehtiyacı olmadığını düşünəcəyi halda, Rusiyanın bazadan çıxmağa hazır olduğunu bildirmişdi.



