Rusiyanın yeni krossoveri təhlükəsizlik sınaqlarında diqqət çəkdi


Rusiyanın “AvtoVAZ” şirkətinin yeni “Lada Azimut” krossoveri məcburi dövlət qəza sınaqlarını (crash-test) uğurla başa vurub.
AZERFAX.AZ xəbər verir ki, şirkətin məlumatına görə, avtomobil passiv təhlükəsizlik üzrə milli standartlara tam cavab verib və tələb olunan göstəriciləri ehtiyatla qarşılayıb.
Frontal toqquşma sınağı zamanı avtomobil saatda 56 km sürətlə deformasiyaya uğrayan maneəyə qismən örtüşmə ilə çırpılıb. Test BMT-nin R94 qaydalarına uyğun aparılıb. Yüksək sürətli çəkilişlər ön təhlükəsizlik yastıqlarının vaxtında və tam açıldığını göstərib. Manekenlərdən əldə olunan məlumatlar sürücü və sərnişin üçün təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olduğunu təsdiqləyib.
Yan toqquşma sınağı isə saatda 50 km sürətlə hərəkət edən xüsusi maneə ilə həyata keçirilib və BMT-nin R95 standartlarına uyğun olub.
Qeyd olunur ki, “Lada Azimut” modelində ilk dəfə yan pərdə tipli təhlükəsizlik yastıqları tətbiq edilib. Bu sistem sayəsində sınaq zamanı sürücünün baş nahiyəsinə düşən yük təhlükəsiz həddə qalıb və ümumi təhlükəsizlik göstəriciləri yüksək qiymətləndirilib.



