“SpaceX”in yük kosmik gəmisi Yerə qayıtdı


“SpaceX” şirkətinə məxsus “Cargo Dragon” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq Yerə uğurla qayıdıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, kosmik gəminin Sakit okeana enişi təsdiqlənib. Bununla da “SpaceX”in BKS-ə 35-ci kommersiya missiyası başa çatıb.
Qeyd edək ki, “Cargo Dragon” oktyabrın 15-də orbital stansiyaya çataraq 2,8 tondan çox yük çatdırıb. Yükə mikroqravitasiyanın 3D ürək toxuması modellərinin böyüməsinə və fəaliyyətinə təsirini öyrənmək üçün nəzərdə tutulan materiallar da daxil olub.
Kosmik gəmi noyabrın 20-də Moskva vaxtı ilə saat 20:05-də BKS-dən ayrılıb. 24 saatdan çox davam edən uçuşdan sonra Kaliforniya sahilləri yaxınlığında Sakit okeana enib. Gəmi stansiyada aparılan elmi təcrübələrin nəticələrini də Yerə gətirib.
Qeyd edək ki, ABŞ BKS-ə yük daşınması üçün “SpaceX”in “Cargo Dragon” gəmisindən başqa, “Northrop Grumman” şirkətinin “Cygnus” kosmik gəmisindən də istifadə edir. “Cygnus” isə missiyasını başa vurduqdan sonra tullantılarla birlikdə atmosferin sıx qatlarında yanır.



