Türkiyə futbolçuları fitə basıldı


UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Türkiyə millisi ikinci oyununda İtaliya yığmasına 1:4 hesabı ilə məğlub olub.
AZERFAX.AZ xəbər verir ki, Bursada keçirilən qarşılaşmada Türkiyə millisinin yeganə qoluna 47-ci dəqiqədə Barış Alper Yılmaz imza atıb. İtaliya yığmasından isə Bastoni 9-cu, Frattesi 22-ci, Kayode 27-ci, Pio Esposito isə 50-ci dəqiqədə fərqlənib.
Məlumata görə, hesabda fərq artdıqca azarkeşlər baş məşqçi Vinçentso Montella və Türkiyə Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyiblər. Qapıçı Altay Bayındır başda olmaqla bir sıra futbolçular fitə basılıb.
Qeyd edək ki, qarşılaşmaya azarkeşlərin marağı böyük olub və oyun başlamazdan bir neçə saat əvvəl tribunalar tam dolub. Matçdan əvvəl stadionda nəhəng Türkiyə bayrağı açılıb.
Qrupun ilk turunda Türkiyə millisi Fransaya 0:1, İtaliya yığması isə Belçikaya 0:2 hesabı ilə uduzub.



