Türkiyənin məşhur universitetini bitirib: Çobanlıq edir


Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetini (ODTÜ) bitirən Mehmet adlı gəncin məzuniyyətdən sonra seçdiyi həyat yolu diqqət çəkib. O, şəhərdə klassik karyera qurmaq əvəzinə kənd həyatına üstünlük verərək heyvandarlıqla məşğul olmağa başlayıb və öz təsərrüfatını qurub.
AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet bu sahəyə kənardan göründüyü qədər asan daxil olmağın mümkün olmadığını deyib. Onun sözlərinə görə, bir neçə toyuq və qoyun alaraq təsərrüfat qurmaqla qısa müddətdə gəlir əldə etmək real deyil.
Gənc sahibkar bildirib ki, 50 baş qoyunla dolanışığı təmin edəcək sistem qurmaq olduqca çətindir. Onun fikrincə, heyvanların sayı 200 və daha yuxarı həddə çatdıqda heyvandarlığın gəlirli biznesə çevrildiyini hiss etmək mümkündür.
Buna baxmayaraq, Mehmet daha böyük sayda heyvanla başlaya biləcəyi halda bunu məqsədəuyğun hesab etməyib. O, ilk növbədə işin incəliklərini öyrənmək, təsərrüfat sistemini formalaşdırmaq və onun davamlılığını yoxlamaq qərarına gəlib. Bu məqsədlə qarşısına ən azı iki illik sınaq müddəti qoyub. Gəncin əsas məqsədi bu müddətin sonunda heyvandarlığın onun üçün əsas gəlir mənbəyinə çevrilib-çevrilməyəcəyini müəyyənləşdirməkdir.
Mehmetin sözlərinə görə, sahədə ən böyük çətinliklərdən biri ilk dövrdə gəlirin olmamasıdır. Quzunun böyüyərək qoyuna çevrilməsi, daha sonra bala verməsi və həmin quzunun təxminən 4-5 ay ərzində satış və ya kəsim üçün hazır vəziyyətə gəlməsi uzun müddət tələb edir.
Onun hesablamalarına görə, heyvandarlıq sisteminin tam şəkildə nəticə verməsi təxminən iki il çəkə bilər. Bu səbəbdən təsərrüfata başlayan şəxsin ilk iki ili ciddi gəlir əldə etmədən keçirməyə maddi baxımdan hazır olması vacibdir.



