Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edildi


İstintaq Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının ölümündə əli olmaqda şübhəli bilinən vəzifəli şəxsləri müəyyən edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb:
“Xidmətə səhlənkar yanaşmaqda şübhəli bilinən, eləcə də meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi səviyyədə təşkil etməyən və bununla da insanların ölümünə səbəb olan vəzifəli şəxslər müəyyən edilib”.
Qurumdan həmçinin vurğulanıb ki, hadisə yerinə baxış keçirilib, artıq 30-dan çox hərbçi dindirilib, sənədlər və videomateriallar götürülüb, 12 ekspertiza təyin edilib:
“İstintaq tam hüquqi qiymət verəcək və bütün şübhəlilərə qarşı prosessual tədbirlər görəcək”.
Ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 12 nəfər həlak olub. Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, daha iki nəfərin axtarışı isə davam edir.
Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların ölüm səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə kömək göstərmək tapşırılıb.



