Yaxın günlərdə bu məhsullar bahalaşa bilər


Azərbaycanda payızın gəlişi ilə ərzaq bazarında qiymətlərin necə dəyişəcəyi yenidən gündəmə gəlib. Mövsüm dəyişikliyi bəzi məhsulların bahalaşmasına, digərlərinin isə ucuzlaşmasına səbəb ola bilər. Xüsusilə yay mövsümünə aid meyvə-tərəvəzlərin qiymətinin artacağı gözlənilir.
AZERFAX.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artıb. İyun ayında da ərzaq məhsullarının qiymətləri illik müqayisədə 7,1 faiz yüksəlib.
İqtisadçı-ekspert Aynur Əliyeva saytımıza açıqlamasında bildirib ki, payız aylarında ilk növbədə mövsümü başa çatan tərəvəzlərin qiymətində artım müşahidə olunacaq. Onun sözlərinə görə, havaların soyuması ilə açıq sahədə yetişdirilən məhsulların təklifi azalır. Bu da pomidor, xiyar, bibər və digər yay tərəvəzlərinin bahalaşmasına səbəb olur.
Ekspert qeyd edib ki, bunun əksinə, payız məhsullarının bazara daha çox çıxması bəzi meyvə və tərəvəzlərin qiymətini aşağı sala bilər. Aynur Əliyeva alma, armud, üzüm, nar, heyva və digər mövsümi məhsulların bolluğunun onların daha münasib qiymətə satılmasına şərait yarada biləcəyini deyib. O, məhsuldarlıq və hava şəraitinin də qiymətlərə ciddi təsir göstərən amillərdən olduğunu vurğulayıb.
İqtisadçı-ekspertin sözlərinə görə, ət və süd məhsullarında isə vəziyyət fərqli ola bilər. Yem, enerji, daşınma və digər istehsal xərclərinin artması bu məhsulların qiymətinə əlavə təzyiq yaradacağı istisna olunmur. O qeyd edib ki, son məlumatlarda bəzi ət və süd məhsullarında illik qiymət artımı da qeydə alınıb.
Aynur Əliyeva idxaldan asılı olan ərzaq məhsullarının qiymətində də dəyişiklik ehtimalının olduğunu bildirib. Onun sözlərinə görə, dünya bazarındakı qiymətlər, valyuta məzənnələri və daşınma xərcləri daxili bazara təsir göstərəcək.
Ekspert qeyd edib ki, payızda bütün məhsulların eyni vaxtda bahalaşacağını gözləmək düzgün deyil. Mövsümi bolluq bəzi məhsulları ucuzlaşdırdığı halda, təklifi azalan və istehsal xərcləri yüksələn məhsulların qiyməti artacaq. Buna görə istehlakçılar alış-veriş zamanı qiymətləri müqayisə etməli və mövsümi məhsullara üstünlük verməlidirlər.



